SDU-da “Technoxian World Robot Championship” yarışı ilə bağlı infosessiya təşkil olundu
Dekabrın 21-də Sumqayıt Dövlət Universitetində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təşkilatçılığı ilə “Technoxian World Robot Championship” yarışı ilə bağlı infosessiya keçirildi.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov qonaqları və iştirakçıları salamlayıb, robotexnika və rəqəmsal bacarıqların inkişaf etdirilməsi baxımından gənclər üçün təşkil olunan belə yarışların əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün elmi-texniki tərəqqi sayəsində digər sahələrlə yanaşı, robototexnika sahəsi də sürətlə inkişaf edir. Bu sahənin inkişafı isə, sənayenin avtomatlaşdırılmasına, sürətlə inkişafına öz təsirini göstərir. Son dövrlərdə ölkəmizdə də bu sahə üzrə əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Təbii ki, bu istiqamətdə Sumqayıt Dövlət Universitetində böyük işlər həyata keçirilir. Beləki, universitetdə İnnovasiya Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Burada tələbələr öz ideyalarını gerçəkləşdirərək müxtəlif layihə və yarışlarda uğurla təmsil olunurlar.
Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının texniki rəhbəri Məhəmməd Hacıyev və yarışmanın koordinatoru Məryəm Sulxayeva çıxış edərək yarışın qaydaları, layihələr və hazırlıq haqqında geniş məlumat verdilər. Bildirdilər ki, bu kateqoriya üzrə müxtəlif olimpiada, yarışlar təşkil olunsa da “Technoxian World Robot Championship” yarışı Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçiriləcəkdir. “Technoxian World Robot Championship” yarışının Azərbaycan üzrə final mərhələsinin 2024-cü ilin may ayında keçirilməsi nəzərdə tutulur. Final mərhələsinədək təlimçilər tərəfindən ali təhsil müəssisələrində təlim və görüşlər təşkil olunacaq.
Qeyd edək ki, yarışın final mərhələsi 2024-cü ildə Hindistanın Delhi şəhərində keçiriləcəkdir.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mətbuat xidməti