Sumqayıt Dövlət Universiteti tələbələri üçün geniş beynəlxalq təqaüd imkanları açır
Beynəlmillələşmə istiqamətində sürətli addımlar atan SDU tələbə və müəllim heyətinin özünüinkişafı məqsədiilə xarici universitetlər ilə ikitərəfli əlaqələri genişləndirməkdə davam edir.
Bu məqsədlə Dekabrın 22-də Çinin Hebei Universitetinin nümayəndə heyəti Sumqayıt Dövlət Universitetində işgüzar səfərdə oldular.
Səfərin məqsədi universitetlər arasında ikitərəfli əməkdaşlığın inkişafı və Hebei Universitetində əcnəbi tələbələr üçün təklif olunan təqaüd imkanlarından SDU tələbələrinin yararlanmasını təmin etmək idi.
Görüşü Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov açaraq qonaqları salamladı və onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. SDU-nun geniş tədris imkanları və zəngin maddi-texniki bazasını nümayiş etdirən geniş videotəqdimatdan sonra Hebei Universitetinin tarixi, maddi-texniki bazası, infrastrukturu, xarici əlaqələri və təqaüd imkanları barədə məlumat verən qonaqlar görüşdən sonra SDU-nun infrastrukuru, Heydər Əliyev Mərkəzi, açıq səma altında yerləşən muzey – poliqon ilə yaxından tanış oldular.
Tədbirdə SDU tələbələrinin istər Hökümətlərarası Təqaüd Proqramı (HTP), istərsə də Hebei Universitetinin təqdim etdiyi beynəlxalq təqaüd proqramlarında iştirakı və ikitərəfli əməkdaşlığın digər imkanları barədə geniş müzakirələr aparıldı. Qeyd edək ki, Hebei əyalətində yerləşən Universitet 120 illik tarixə malikdir. Fəlsəfə, iqtisadiyyat, hüquq, təhsil, ədəbiyyat, tarix, mühəndislik, idarəetmə və incəsənət sahələrində tədrisi həyata keçirilən universitetin tərkibində 25 Kollec fəaliyyət göstərir.25 ölkədə ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələri qurmuş və 200-dən çox universitetlə müəllim və tələbə mübadiləsi, onlayn kurslar, elmi tədqiqat əməkdaşlığı həyata keçirmişdir. Hər il beş qitədən və 40-dan çox ölkədən 600-dən çox xarici tələbə Hebei Universitetində bakalavr, magistr və doktorantura təhsili alır.
Hebei Universitetindən görüşdə Hebei Universitetinin Partiya katibi Dai Jianbing, Biznes fakültəsinin dekanı Zhang Xuewen, Xarici Tədqiqatlar fakültəsi Rusiya Mərkəzinin direktoru Quo Xiaoli, Xarici Tədqiqatlar fakültəsinin müəllimi Cheng Hong, Beynəlxalq Mədəniyyət Mübadilələri Kollecinin direktoru Qi Xiaoyan, SDU tərəfdən isə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Natiq Talıbov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Elmar Xəlilov, Rektorun müşaviri İsmayıl İsmayılov və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak edirdi.
Mətbuat xidməti