SDU tələbələri ADA Universitetində keçirilən konfransda iştirak etdilər
Dekabrın 23-də “Heydər Əliyev İli” çərçivəsində ADA Universitetində "Heydər Əliyevin uğurlu xarici siyasəti və Azərbaycanın yeni neft strategiyası" mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyev, Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayev, SOCAR-ın prezidenti cənab Rövşən Nəcəf, SOCAR rəsmiləri və əməkdaşları, universitet rektorları, tələbələr və SOCAR könüllüləri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanışlıqdan sonra tədbir ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə davam edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz ruhunun 1 dəqiqəlik sükutla yad edilməsindən sonra Ulu öndər Heydər Əliyev və gənclərə həsr olunmuş videoçarx, eləcə də "Heydər Əliyev İli" çərçivəsində SOCAR tərəfindən keçirilən mühazirə və turların yekun videoçarxları nümayiş olunub.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyev, daha sonra Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayev və yekun olaraq SOCAR-ın prezidenti cənab Rövşən Nəcəf çıxış edərək Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin formalaşmasındakı rolundan, tarixi mədəni irsimizin qorunmasında atdığı addımlardan, təhsilin inkişafı ilə bağlı fəaliyyətlərindən və yeni neft strategiyasının mahiyyətindən danışıblar. Ulu öndər Heydər Əliyevin fəaliyyətləri və əhəmiyyətli qərarları haqqında spikerlər tərəfindən qeyd olunan epizodlar iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Tədbir xatirə fotosunun çəkilişi ilə yekunlaşıb.
Mətbuat xidməti