Bakıda Avropa Vahid Təhsil Məkanı  Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası  keçirildi.
  İclas Azərbaycan Respublikasının 2014-cü ilin  may-noyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində  keçirilmişdir.
  Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan,  Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın Təhsil nazirliklərinin, həmçinin SDU-nun  rektoru Elxan Hüseynov   və Elm və innovasiyalar üzrə prorektor, professor  Ramazan Məmmədov  iştirak edib.
  Gündəliyə əsasən, iclasda adıçəkilən ölkələrdə  Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi, mövcud problemlər  və bu problemlərin həlli yollarının müəyyənləşdirilməsi ilə bağlı məsələlər  müzakirə olundu.
  Təhsil naziri Mikayıl Cabbarov iclasın açılış mərasimində  çıxış edərək iştirakçılara "Azərbaycan Respublikasında təhsilin inkişafı  üzrə Dövlət Strategiyası" çərçivəsində ölkəmizdə aparılmış təhsil  islahatları və 2005-ci ildə Bolonya prosesinə qoşulduqdan sonra Avropa Vahid Təhsil  Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi barədə məlumat  verdi. Nazir bildirdi ki, bu prosesin gedişində ölkənin təhsil sistemi ənənəvi  inzibati amirliyə əsaslanan idarəetmədən imtina edib, açıq və demokratik olub,  eyni zamanda əmək bazarının tələblərinə istiqamətlənib, əldə olunan bilikləri  reallıqda tətbiq etmək imkanlarına yiyələnib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi  altında həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların nəticəsi olaraq  Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələri sırasına daxil olub.  2013-2014-cü illər üzrə Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan qlobal  rəqabətqabiliyyətlilik reytinqində 148 ölkə arasında 39-cu, MDB-yə üzv dövlətlər  arasında 1-ci yeri tutub. BMT-nin "İnsan inkişafı haqqında"  hesabatında isə ölkəmiz İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında 2008-ci  ildəki 101-ci yerdən 2013-cü ildə 76-cı yerə yüksəlib. Bununla Azərbaycan insan  potensialının yüksək inkişaf etdiyi ölkələr qrupuna daxil olmuşdur.  
  İqtisadi inkişafı saxlamaq və daha da möhkəmləndirmək  isə təhsil sisteminin keyfiyyətindən və onun formalaşdırdığı insan kapitalından  asılıdır. Təsadüfi deyil ki, ölkə Prezidenti ikinci dəfə seçiləndən sonra  imzaladığı ilk sənədlərdən biri "Azərbaycan Respublikasında təhsilin  inkişafı üzrə Dövlət Strategiyası" oldu. Bu sənəddə milli ali təhsil  sisteminin Avropa təhsil mühitinə inteqrasiyasına və ali təhsil müəssisələrində  struktur islahatlarının dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilir.
  Mikayıl Cabbarov tədbir iştirakçılarını Azərbaycanın təhsil sistemində baş  verən dəyişikliklərlə tanış  etdi. Nazir bildirdi ki, son 4 ildə ali məktəblərin birinci kurs tələbələrinin  sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa  çatdırılıb, ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının  yaradılmasına başlanıb. Ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi  Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və  qrantları sistemi işə salınacaq. Xaricdə təhsil üzrə imkanların artırıldığını  deyən nazir bu sahədə həyata keçirilən Dövlət Proqramının davamlı olacağını  vurğulayıb.
  Bununla yanaşı, sistemin transformasiyası  universitet idarəediciləri qarşısında yeni tələblər qoyur. Qərarların qəbulunda  şəffaflıq prinsiplərinin sürətli tətbiqi, universitetlərin fəaliyyətinə bütün  maraqlı tərəflərin cəlbi, hesabatlılıq mədəniyyətinin və korporativ idarəetmənin  formalaşdırılması inkişaf imkanlarını təmin edən vacib elementlərdəndir.
  Təhsil sahəsində birgə əməkdaşlıq imkanlarından  danışan Mikayıl Cabbarov regiondakı ali təhsil müəssisələrinin inteqrasiyasına  mane olan xarici amilləri də açıqlayıb. Nazir qeyd etdi ki, Ermənistan tərəfdən  Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki olaraq  universitetlər arasında təhsillə bağlı birgə layihələrin həyata keçirilməsini  mümkünsüz edib.
  Mikayıl Cabbarov bu görüşün region ölkələrində təhsilin  sonrakı inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsinə yaxşı imkanlar  yaradacağına və Bolonya prosesinin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini  vurğuladı.
  Sonda nazir ali təhsil sahəsində bir sıra layihələrin  və islahatların həyata keçirilməsində göstərdikləri köməyə görə Dünya Bankına,  Avropa İttifaqına və digər ikitərəfli tərəfdaşlara təşəkkürünü bildirdi.
Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata  keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasına oktyabrın 23-də yekun  vuruldu.
Mətbuat xidməti