SDU-da imtahan sessiyasına hazırlıq məsələləri müzakirə edilib
Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası ilə əlaqədar dekabrın 29-da professor-müəllim heyəti ilə görüş keçirib.
Rektor iştirakçıları salamladıqdan sonra görüşün əhəmiyyətindən danışaraq bildirib ki, məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsinin təmin edilməsi, eyni zamanda, təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir. Rektor imtahanların keçirilmə qaydaları və tarixi barədə ətraflı məlumat verib, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilinin müvafiq strukturlar tərəfindən təmini, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələrin müraciətlərinə yerindəcə çevik şəkildə baxılması məsələlərinə toxunub. Qeyd edib ki, 2023/2024-cü tədris ili payız semestrinin imtahan sessiyasını Elm və Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə tənzimləyici əmr imzalanıb. İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib. Qərargaha Elm və İnnovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev, Komissiyaya isə Rektorun müşaviri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Könül Abaslı sədrlik edəcək.
Cari ilin 29 dekabrında başlayan imtahan sessiyası 1 fevral 2024-cü il tarixdə yekunlaşacaq. Rektor imtahanlarda tələbə biliyinin şəffaf və obyektiv qiymətləndirilməsini universitetin prinsipial mövqeyi kimi açıqlayıb.
O da vurğulandı ki, imtahan sessiyasında tələbələrin cavab kartlarının kodlaşdırılması, imtahan sənədlərinin düzgün və səliqəli tərtib edilməsi üçün işçi qrupları yaradılıb.
Ehtiyac yarandığı təqdirdə Apellyasiya Komissiyasının işinə müxtəlif ixtisasları təmsil edən mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.
SDU-da imtahan prosesi çevik, mütəşəkkil, şəffaf və obyektiv keçiriləcək. İmtahanlar 2 növbə olacaq, tələbələrə öz bilik səviyyələrini nümayiş etdirmək üçün hər cür şərait yaradılıb.
Yazılı imtahanların nəticələri növbəti gün, şifahi imtahanların nəticələri isə imtahanda elan edilir.
İmtahan sessiyasının şəffaf və obyektiv, qanun çərçivəsində keçirilməsi üçün fakültə dekanları, kafedra müdirləri və digər müvafiq struktur bölmə rəhbərləri qarşısında konkret vəzifələr qoyulub.
İmtahanların keçirildiyi auditoriyalar tam hazırlıqlı vəziyyətə gətirilib, auditoriyalarda səliqə-sahman təmin edilib. İmtahan prosesinə nəzarət edən nəzarətçi-müəllimlər, İmtahan Qərargahının və Apellyasiya Komissiyasının üzvləri onlara tapşırılmış vəzifələrin öhdəsindən layiqincə gəlməlidirlər.
Tələbələrin İmtahan Qərargahına və Apellyasiya Komissiyasına etdikləri müraciətlər çevik, ədalətli və hərtərəfli araşdırılacaq. Müraciətlərin araşdırılmasına yoxlayıcı müəllimlərlə yanaşı, fənni tədris edən müəllimlər də cəlb ediləcək ki, bu da qiymətləndirilmənin obyektivliyini təmin edir.
Elm və İnnovasiyalar üzrə prorektor Elşad Abdullayev, Rektorun müşaviri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Könül Abaslı imtahan sessiyası ərəfəsində hər bir tədris ilinin tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirdilər.
Mətbuat xidməti