“British Council Researchers Connect” onlayn proqramını uğurla başa vuran əməkdaşlarımız sertifikatlara layiq görülüblər
2023-cü il dekabrın 11-dən 23-dək müxtəlif elmi tədqiqat işi ilə məşğul olan 30 azərbaycanlı tədqiqatçı “British Council Researchers Connect” proqramında iştirak edib.
18 yanvar 2024 tarixində təlimi uğurla başa vuran tədqiqatçılar sertifikatların təqdimatı mərasiminə qatılmaq üçün Böyük Briyaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı iqamətgahına dəvət alıblar.
Təqdimat mərasimini giriş sözü ilə açan Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva iştirakçıları salamlayıb, təlimin tədqiqatçılar üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.
Böyük Briyaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auldun iştirakçıları Azərbaycan dilində təbrik edərək təlimin məqsədi barədə danışıb. Fövqəladə və səlahiyyətli səfir Azərbaycanda müxtəlif ali təhsil müəssisələrindən, elmi tədqiqat institutlarından tədqiqat işi ilə məşğul olan tədqiqatçılar şəbəkəsi yaradaraq dünyanın nüfuzlu universitetlərinin təlimçiləri ilə fikir mübadiləsi aparmaqla xarici təcrübədən yararlanmağın faydalı olduğunu vurğulayıb.
Çıxışını iştirakçılara elmi fəaliyyətlərində uğurlar arzulamaqla bitirən Ferqus Auldin və Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva onlara sertifikatlar təqdim ediblər.
SDU-nun tədqiqatçıları-Dil və Tərcümə Mərkəzinin direktoru Jalə Məmmədova, Filologiya fakültəsinin Xarici dillər kafedrasının baş müəllimi İlhamə Məmməd, müəllimi Lamiyə Heydərova və İqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi Nihad Hüseynov təlimdə fəal iştirakları ilə fərqləniblər.
Sonda xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, ingilis dilində ünsiyyət bacarıqlarına malik olan tədqiqatçılar elmi işlərində innovativ yanaşma metodlarını, beynəlxalq şəbəkə üzərindən aktivliyi artırma bacarıqlarını, elmi tədqiqatın maliyyə məsələlərini, sınaqdan keçirilmiş uğurlu nəticələrini seminar sessiyalarında qrup halında müzakirə ediblər. İki həftəlik, həftəiçi 3 saat olmaqla davam edən onlayn interaktiv sessiyalarda tədqiqatçılar müxtəlif ali təhsil təcrübəsi olan təlimçilərlə görüşüb, elmi tədqiqatların aparılması və indeksli nəşriyyat təcrübəsi olan mütəxəssislərlə müzakirələrdə iştirak ediblər.
Sessiyalarda iştirakçıların öyrənmə metodlarını öz tədqiqat sahəsinə tətbiq etməyə təşviq edildiyi interaktiv formatlarla tanışlıq, “Researcher Connect” proqramının nəzəriyyəsini və fəaliyyətlərini ehtiva edən hər bir modul üçün elektron resurslardan istifadə metodları barədə danışılıb.
Seminarların məqsədi müxtəlif sahədən olan elmi tədqiqatçıların məhsuldarlığını artırmağa kömək etmək olub.
Bu proqramdan əldə olunan nəticələr tədqiqatçılara, həm də onların universitetlərinə və ya tədqiqat institutlarına sürətlə inkişaf edən beynəlxalq tədqiqat mühitində rəqabət üstünlüyünü təmin etməkdə faydalı olacaq.
Mətbuat xidməti