SDU-da Gənclər Günü münasibəti ilə intellektual bilik yarışı keçirildi
Hər il fevralın 2-si Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Bu münasibətlə Sumqayıt Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gənc əməkdaşlar arasında intellektual bilik yarışı keçirildi.
Yarışı SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq gəncləri təbrik etdi, bu günün əhəmiyyətindən və ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən bəhs etdi. Bildirdi ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin gənclərə dəstəyi və diqqəti sayəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində ilk dəfə olaraq gənc əməkdaşlar arasında belə intellektual bilik yarışının keçirilməsi Gənclər gününün qeyd edilməsi ilə yanaşı, gənc əməkdaşların və gənc tədqiqatçıların intellektual səviyyəsinin inkişaf etdirilməsi, Azərbaycanın zəngin milli mədəniyyətinin, adət-ənənələrinin, şanlı tarixinin təbliği və yaradıcı prizmadan yanaşma vərdişlərinin stimullaşdırılmasıdır.
SDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev çıxış edərək gəncləri Gənclər Günü münasibətilə təbrik etdi, bilik müsabiqəsinin keçirilmə qaydaları haqqında ətraflı məlumat verdi, yarışın 3 turdan və hər turun 12 sualdan ibarət olduğunu iştirakçıların nəzərinə çatdırdı.
Sonra Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzayevin moderatorluğu ilə bilik yarışına start verildi.
Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışda Riyaziyyat fakültəsinin komandası I yerin, Kimya və biologiya fakültəsinin komandası II yerin, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası isə III yerin qalibi oldular.
Sonda qalib komandanın üzvlərinə Fəxri fərman və qiymətli hədiyyələr təqdim edildi.
Mətbuat xidməti