SDU-da “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin Sumqayıt və Abşeron üzrə finalçıları ilə görüş keçirilib
Fevralın 2-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və digər müvafiq qurumların təşkilatçılıq etdiyi “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində iştirak edəcək Sumqayıt məktəbliləri ilə görüş keçirildi.
Görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, müdir müavini Ramin Abasov və Sumqayıtda fəaliyyət göstərən tam orta məktəblərin direktorları və elmi rəhbərlər iştirak ediblər.
SDU-nun rektoru dosent Rüfət Əzizov əvvəlcə iştirakçıları salamladı və şagirdləri “Sabahın alimləri” müsabiqəsinin final mərhələsinə keçmələri münasibətilə təbrik etdi, təhsil sahəsində Sumqayıt məktəblilərinin özünəməxsus yerinin olduğunu bildirdi. Qeyd etdi ki, müsabiqəyə elmi dəstəyin verilməsi Sumqayıt şəhər ümumtəhsil məktəbləri üçün Sumqayıt Dövlət Universitetinə həvalə olunub. Professor Cavanşir Məmmədovun rəhbərliyi ilə 2012-ci ildən bugünədək ISEF-in “Sabahın alimləri” müsabiqəsində 100-dən çox layihəmiz yer tutub və 4 layihəmiz ABŞ-da təmsil olunub. Ümid edirəm ki, şagirdlərimiz XIII Respublika Müsabiqəsində də fəal iştirak edərək yüksək nailiyyətlər əldə edəcək və ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində uğurla təmsil olunacaqlar.
Rektor çıxışının sonunda şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılması baxımından bu tipli müsabiqələrin önəmini vurğuladı, onları fəal olmağa səslədi.
Qeyd edək ki, “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasına hədəflənib. Yekunda yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ISEF) qatılacaqlar.
Mətbuat xidməti