Fevralın 14-də Sumqayıt Dövlət Universitetinin “Elm və Mühəndislik” düşərgəsinin II gününə start verilib. SDU rektorunun müşaviri, dosent Könül Abaslı düşərgə iştirakçıları ilə görüşdü. O, düşərgənin fəaliyyəti barədə təklif və gözləntilərini bildirərək, tələbələrə uğurlar arzu etdi. Universitetin başlıca vəzifəsinin öyrənməyi öyrətmək olduğunu bildirən müşavir düşərgənin məqsədinin tələbələrin ali məktəblərdə qazandıqları nəzəri biliklərin praktik vərdişlərə çevrilməsi istiqamətində bir vasitə olduğunu qeyd etdi. Eləcə də sessiyadan sonra tələbələrin təklif və iradlarını dinləyən müşavir, SDU-nun bu istiqamətdə bir çox işlər görəcəyini diqqətə çatdırdı. Düşərgənin I hissəsində “STP” MMC-nin İnzibati Departamentinin Koordinatoru Tural Şahbazov, İnsan Resursları Departamentinin əməkdaşı Günel Musayeva və Marketinq departamentinin direktoru Yusif Əhmədov çıxış edərək şirkətin fəaliyyət istiqamətləri, layihələri barədə ətraflı məlumat verdi. Daha sonra Günel xanım “Sabahın gücü” layihəsi barədə məlumat verərək iştirakçılara interaktiv sual-cavab sessiyası təşkil etdi. Sonda fərqlənən tələbələr şirkət tərəfindən mükafatlandırıldı. “Nobelenergy” şirkətinin nümayəndələri İstedadların cəlb edilməsi üzrə baş mütəxəssis Fuad Mirzəyev və GLENSOL şirkətinin istehsal və texniki xidmət meneceri Rza Ağaverdiyev tələbələrin xahişi ilə şirkətin strukturu və iş prinsipi barədə məlumat verdikdən sonra, təcrübə imkanlarının aşağı kurs tələbələrinə də şamil olması barədə və ümumilikdə karyeralarına gedən yol barədə fikir mübadiləsi apardılar. Şirkətin İnsan resursları üzrə nümayəndəsi Aysel xanımla birlikdə tələbələrin çoxlu sayda suallarını cavablandırdıqdan sonra tələbələr STP MMC-yə ekskursiyaya yollandılar. 2 zavodun iş prinsipi və laboratoriyaları ilə tanışlıq prosesində iştirakçılar Kabel zavodunda aparılan sınaqları görmə imkanı qazandılar. İştirakçılar asudə vaxtlarını idman oyunları ilə, eləcə də SDU-nun “Dil və Tərcümə Mərkəzi”nin təşkilatçılığı ilə keçirilən ingilis dilində komanda şəklində oyunlarla keçirdilər. Düşərgənin II günü tələbələrin film izləməsi ilə yekunlaşdı.