SDU-nun Riyaziyyat fakültəsində Fatma Bünyatovanın iştirakı ilə ustad dərsi keçirilib
Fevralın 20-də Riyaziyyat və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə İdrak məktəbinin təsisçisi və proqramının yaradıcısı, Konstruktiv təlim texnologiyasının müəllifi, Beynəlxalq kooperativ təlimlər təlimçisi, Beynəlxalq təlim eksperti, IEES üzvü, ITA Danimarka Regional Komitəsinin sədri Fatma Bünyatovanın “Riyaziyyatın tədrisində Konstruktiv təlim” mövzusunda ustad dərsi keçirildi.
Məlumat üçün qeyd edək ki, Konstruktiv təlim Amerika, Avropa, Avstraliya ölkələri ilə yanaşı, Azərbaycanda da tətbiq edilir. XXI əsirin təlim texnologiyalarına daxil edilən təlimin yaradıcısı kanadalı alim Luis Lorensdir.
Riyaziyyat və onun tədrisi metodikası kafedrasının təqdimatı ilə keçirilən ustad dərsinin məqsədi müəllimlərin konstruktiv təlim texnologiyası əsasında dərsqurma bacarıqlarına yiyələnmək üçün treninqlər keçirtmək, riyaziyyatın tamlıq və qeyri-səlis model proqramını hazırlamaq idi. Dərs müasir dünyada təlim probleminin həllinə kömək edən “Biz kimi böyüdürük, yetişdirmək istəyirik?”, “Bilikləri hansı quruluşda onlara təqdim edirik?” və “Onlar hansı texnologiyada bu bilikləri qazanırlar?” üç suala cavab verməyi hədəfləmişdi.
Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti Könül Əliyevanın 435 saylı qrupda “Müasir təlim metodları” (texnologiyaları) dərsində tətbiq olunan ustad dərsində tələbələr Fatma Bünyatovanın düşüncəni fəallaşdırmaq istiqamətində verilmiş sualları əsasında biliklərini emal edərək öyrənəcəkləri mövzunu özləri yaratdılar.
Dərsin sonunda tələbələr yeni təlim metodu ilə keçilən dərs haqqında müsbət refleksiyalarını paylaşaraq müəllimə təşəkkürlərini bildiriblər.
Mətbuat xidməti