Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun istehsalat təcrübəsində iştirak edən tələbələri ilkin təəssüratlarını bölüşüblər
Yerləşdirilmə tarixi : 22 Fevral 2024 15:10
SDU-nun istehsalat təcrübəsində iştirak edən tələbələri ilkin təəssüratlarını bölüşüblər
2023/2024-cü tədris ilinin yaz semestrinin başlaması ilə Sumqayıt Dövlət Universiteti (SDU) tələbələrinin istehsalat və pedaqoji təcrübələrinə start verilib. Tələbələrin təcrübələrə yollanmasından sonra ilkin olaraq istehsalat təcrübəsi keçənlərlə ilk üç günün təəssüratını öyrənmək üçün  SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov “Gilan” Tekstil Parkındakı təcrübəçi tələbələrlə və müəssisənin İnsan Resursları üzrə aparıcı mütəxəssisi Aygül Quliyeva ilə görüşüb. Aygül xanım Parkın fəaliyyətdə olduğu 12 ildə digər ali təhsil müəssisələri ilə yanaşı SDU tələbələrinin də istehsalat təcrübələrinə qəbul edildiyini bildirib.
Məlumat üçün qeyd edək ki, SDU-nun tərəfdaş təşkilatlarından olan “Gilan” Tekstil Parkının bazasında Toxuma fabriki, Boyama fabriki və Tikiş fabriki fəaliyyət göstərir.
Ekologiya ixtisası üzrə təhsil alan Humay Bağırova təcrübə keçənlərin konkret mütəxəssislərə həvalə olunduğunu, təcrübə planlarının istehsalatın ekoloji müstəvidə tənzimlənməsi istiqamətində qurulduğunu və bu işdə müvafiq şöbənin mütəxəssisləri ilə birgə çalışdıqlarını bildirib.
Boya fabrikində təcrübə keçən digər tələbələrdən Mexanika mühəndisliyi ixtisası üzrə təhsil alan Pərviz Həmzəyev parçaların genişlənməsi, rənglənməsi və ölçülərinin dəyişdirilməsi prosesini izlədiklərini qeyd edib. O, təcrübəyə başladığı müddətdən 3 gün keçməsinə baxmayaraq ilk taşırıqlar aldıqlarını və avadanlıqların təmiri işlərinə qoşulduqlarını, işə salınmasında iştirak etdiklərini və digər texnoloji proseslərə qoşulduqlarını bildirib.
Xammalın istehsalı, toxuculuq, boyanma və digər texnoloji proseslərin iştirakçısı olduqlarını, mexanika aparatları ilə işləmə qaydalarını öyrəndiklərini bildirən digər təcrübəçi Nəsir Nağıyev mühəndisliyin yolunun birbaşa istehsalat prosesindən keçdiyini vurğulayıb.
Görüş zamanı Boya fabrikinin direktoru Eren Çakıroğlu universitetin təcrübəçi tələbələrində yüksək öyrənmək eşqinin olduğunu bildirib.  
Sosial məsələlər və ictimaiyyətlərlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov fabrikin rəhbərliyi ilə söhbətində təcrübəçi tələbələrə maksimum şərait yaratdıqlarına görə “Gilan” Tekstil Parkının rəhbərliyinə və idarəetmə, mühəndis heyətinə SDU-nun rektoru dosent Rüfət Əzizovun adından təşəkkürlərini bildirib.
Qeyd edək ki, tələbələrin istehsalat təcrübələri 25 may 2024-cü ilə kimi davam edəcəkdir.
 
Mətbuat xidməti
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az