Dekabrın 14-də Azərbaycan Tələbə Könüllülərinin I Forumu keçirildi.
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forumda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, o cümlədən Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov və universitetimizin könüllü tələbələri iştirak etdilər.
Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, tələbə könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcək karyera imkanları qazanmasında, vətəndaş məsuliyyətinin formalaşmasında müsbət rol oynayacaq. Təhsil naziri ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən irəli gələn vəzifələrin ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd etdi. Ölkə Prezidentinin Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayan nazir dövlət başçısının könüllülərlə görüşü zamanı bu məsələlərə ətraflı yer verdiyini bildirdi. Cənab Prezidentimizin qeyd etdiyi kimi, “könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər... Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir”.
“Bakı 2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində tələbə könüllünün özünəməxsus roluna toxunan təhsil naziri bununla bağlı Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fikirlərinin də tələbə könüllülərə yeni ruh verdiyini nəzərə çatdırdı.
Cənab nazir qeyd etdi ki, ali təhsil sahəsində aparılan islahatlar, tələbələr üçün yaradılan əlverişli mühit təhsilalanlara yeni imkanlar verir. Yaxın gələcəkdə beynəlxalq layihələr çərçivəsində ali təhsil müəssisələrində innovasiya mühiti daha da genişlənəcək.
Yeni çağırışlara adekvat reaksiya verilməsinin zəruri olduğunu bildirən təhsil naziri tələbələrin gücündən, biliyindən daha səmərəli istifadə etmək və strateji məqsədlərin uğurla yerinə yetirilməsi məqsədilə “BİR” Tələbə-Könüllü Proqramının yaradılmasını yüksək dəyərləndirildi.
Gənclər və idman naziri Azad Rəhimov qeyd etdi ki, bu gün gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdən biridir. Gənclərimiz Vətəni qoruyur, eyni zamanda, ölkəmizi beynəlxalq idman və elm yarışlarında təmsil edirlər. Artıq ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb. Yüzlərlə gənc bu sıralara qoşulmağa can atır.
Bu gün Azərbaycan gənclərinin azad, demokratik və müstəqil bir dövlətdə yaşadıqlarını vurğulayan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tələbələrə müraciət etdi : “Hər bir Azərbaycan ailəsində milli dəyərlərə, İslam ənənələrinə möhkəm bağlılıq var. Siz xoşbəxtsiniz ki, müstəqil, demokratik ölkənin vətəndaşlarısınız. Eyni zamanda, bizim qarşımızda həllini gözləyən mühüm bir problem də var. Bu, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad olunmasıdır. Elə bir azərbaycanlı olmaz ki, Qarabağ onun qəlbində yaşamasın. İnanıram ki, bu problem siz gənclərin yaxından iştirakı ilə həllini tapacaq. Vaxt gələcək, belə toplantılar Şuşada təşkil olunacaq”.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Natalia Alhazişvili BMT-nin Azərbaycanda könüllülük hərəkatına fəal dəstək verdiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, təmsil etdiyi təşkilat hər bir ölkədə olan yaxşı nümunələri digər dövlətlərdə geniş təbliğ edir. Bu mənada Azərbaycanda yalnız gənclərə deyil, ümumilikdə könüllülük hərəkatına göstərilən dəstək başqalarına da nümunə ola bilər.
Daha sonra forumda “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı oldu. Məlumat verildi ki, proqram pilot layihə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən on ali təhsil müəssisəsini əhatə edəcək. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə cəlb olunacaq, onlara “Əsl tələbə həyatı” modelinə uyğun altı müxtəlif istiqaməti özündə birləşdirən layihə təqdim ediləcək.
Forumda tələbələr arasında könüllülük fəaliyyətindən bəhs edən “Azərbaycan könüllüləri: “Dünən, bu gün və sabah” videoçarxı təqdim olundu.
Tədbir tələbələrin ifasında səslənən “Tələbə” mahnısının sədaları altında yekunlaşdı.
Mətbuat xidməti