SDU-nun rektoru şəhid ailələrinin üzvləri olan xanım əməkdaşlarla görüş keçirib
Martın 6-da Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid ailələrinin üzvləri olan xanım əməkdaşlarla görüşüb. Görüşdə ölkəmizin ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi anılıb.
Rüfət Əzizov ənənə halını alan görüşlərdən bəhs edərək qeyd edib ki, Sumqayıt Dövlət Universitetinin kollektivi, tələbə təşkilatları daima Şəhidlərimizin əziz xatirəsini uca tutur, onların ailələrini vaxtaşırı ziyarət edir və maddi-mənəvi problemləri ilə maraqlanır.
Görüşdə şəhidlik mərtəbəsinin ucalığından, qəhrəmanlarımızın göstərdiyi şücaətdən və 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə qadınların, xüsusilə də anaların rolundan danışan rektor şəhid ailələrinin üzvləri olan xanım əməkdaşları bayram münasibətilə təbrik etdi, onlara uzun ömür, can sağlığı arzuladı. Bildirdi ki, tarixən Azərbaycan qadınları həmişə mərdlik və mətanət nümayiş etdirərək, mədəni dəyərlərimizin əsrlərdən bəri qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmişdir. Məhz belə qəhrəman analarımızın böyütdüyü vətənpərvər oğullar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bizə tarixi Zəfəri bəxş etdilər.
Görüşdə çıxış edən əməkdaşlar göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə etdilər.
Mətbuat xidməti