Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da tarixçi professor Musa Qasımlının ustad dərsi keçirildi
Yerləşdirilmə tarixi : 11 Mart 2024 17:50
SDU-da tarixçi professor Musa Qasımlının ustad dərsi keçirildi
Martın 11-də Sumqayıt Dövlət Universitetində görkəmli tarixçi, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Musa Qasımlının ustad dərsi təşkil olundu. 
Universitetin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi, “Azərbaycan Respublikası dövlət suverenliyinin tam bərqərar edilməsi: Yeni hədəflər və gəncliyimiz” mövzusunda keçirilən ustad dərsini SDU-nun rektoru dosent Rüfət Əzizov açdı. İştirakçıları və professor Musa Qasımlını salamlayan rektor auditoriyanı əmin etdi ki, istər tarixi, istərsə də ictimai-siyasi məzmununa görə maraqlı mövzuda keçəcək ustad dərsi iştirakçılar tərəfindən maraqla qarşılanacaq. Forma, məzmun baxımından bugünkü tədbirin universitetin gələcək həyatında sistemli şəkildə davam olunacaq layihə olacağını qeyd edən Rüfət Əzizov auditoriyanı fəal olmağa səslədi.
Ölkəmizin nüfuzlu elm və fikir adamlarının prioritet mövzularda keçəcəkləri ustad dərslərində həmçinin ölkəmizin təhsil sistemi, onun beynəlxalq təhsilə inteqrasiya məsələlərindən söhbət açılacağını vurğulayan rektor iştirakçıların aktivliyinin əsaslı rolunu bir daha xatırlatdı. 
“İstənilən auditoriyada nəticə dinləyicinin yox, mühazirəçinin səriştəsindən asılıdır”- cümləsi ilə dərsə başlayan professor Musa Qasımlı mövzusu üzrə söhbətini üçmərhələli qurmaq istədiyini dedi. Bu mərhələlərin ilk baxışda antoqonist ziddiyyət kimi göründüyünü qeyd edən tarixçi, onlar arasındakı üzvi bağlılıqdan söhbət açaraq 44 günlük Vətən Müharibəsinin nəticələrini bu cür ümumiləşdirdi: “Həmin müharibənin nəticəsi olan Zəfər ölkəmizdə əsası 1993-cü ildən qoyulan Heydər Əliyev dövlətçilik strategiyasının ancaq erməni ideologiyası üzərində deyil, bütün fəaliyyətini bu ideologiyanın ayaq tutmasına yönəldən qüvvələr üzərində qələbəsi idi”.
Bu qələbədə aparıcı qüvvənin Prezident İlham Əliyev olduğunu vurğulayan tarixçi professor tarixi Zəfər nəticəsində 1988-ci ildən sonra Azərbaycan Respublikası ərazisində dövlət suverenliyinin tam bərqərar edildiyini vurğuladı. Buna görə də fevralın 7-sindəki Prezident seçkilərində Xankəndində səs verən İlham Əliyevin seçki qutusuna atdığı bülletenin “Ölkəmizdə erməni separatizminin tabutuna vurulan son mismar” olduğunu qeyd edən Musa Qasımlı yaranan yeni şəraitdəki hədəflərdən söz açdı.
Yeni hədəflər və gəncliyimiz tandemini şərtləndirən başlıca amilin dövlət və millətin maraqları üçün qırmızı xətt olduğunu deyən AMEA-nın müxbir üzvü o “Qırmızı xətt” in konturlarını göstərdi: Bu, Millət və Dövlətin vəhdətidir.
Ustad dərsi iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşdı.
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az