SDU-da “Mənim peşəm, mənim uğurum...” adlı seminar təşkil olunub
Martın 14-də Sumqayıt Dövlət Universitetində Qüsursuz Nitq Psixologiya Mərkəzinin təşəbbüsü və SDU-nun Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Mənim peşəm, mənim uğurum...” adlı seminar təşkil olundu.
Tədbiri SDU-nun Filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva açaraq qonaqları və iştirakçıları salamladı, düzgün peşə seçimi baxımından layihənin əhəmiyyətindən söz açdı. Bildirdi ki, hər bir insanın gələcək həyatını, məqsədini müəyyənləşdirməkdə peşə seçimi mühüm rol oynayır. Seminarın keçirilməsində də əsas məqsəd gənclərin düzgün peşə-ixtisas seçimi ilə bağlı maarifləndirilmələri, onların təhsil və karyera sahəsində uğurlu inkişafına dəstək olmaqdır.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədovanın moderatorluğu ilə keçən seminarda Qüsursuz NPM-nin psixoloq konsultantı Cavid Əhədov, mərkəzin baş psixoloq konsultantı Nuriyyə Vidadi qızı tələbələrə mövzu üzrə faydalı məlumatlar verdilər, həmin biliklərin praktikada tətbiqi istiqaməti barədə çıxış etdilər. Həmçinin onların təqdimatında qrup terapiyası keçirildi.
Qüsursuz NPM-nin rəhbəri, defektoloq-loqoped Esmira Qafarova “Peşə seçimində diqqət olunmalı nüanslar”, “Peşə seçiminə təsir edən amillər”, “Peşə seçimində unudulanlar”, “İş dünyası, tələblər və reallıqlar” mövzuları çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, gənclərin əksəriyyəti peşə seçərkən onun prestijli olmasını əsas tutur. Amma peşəni prestijə yox, əmək bazarına görə seçmək lazımdır. Peşə seçimində əmək bazarının tələblərinə uyğun qərar verilməsi hədəf kimi götürülməlidir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti