“Azərkosmos” SDU-da infosessiya keçirdi
Martın 14-də Sumqayıt Dövlət Universitetində Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Kosmik Nəsil Məşvərət Şurası və fəaliyyət sahələri” adlı infosessiya keçirildi.
“Azərkosmos”un texniki tədqiqat üzrə böyük mühəndisi Nadir Atayev çıxış edərək təmsil etdiyi agentliyin fəaliyyət istiqamətləri, “Azərkosmos”un əhatə etdiyi sahələr, o cümlədən peyk idarəetmə sistemi barədə məlumat verdi. Bildirdi ki, tədbirin əsas məqsədi gənclərə kosmos sahəsində düzgün təhsil, peşə seçimində yol göstərmək və onları kosmos sahəsinin imkanları barədə maarifləndirməkdir.
Nadir Atayev “Kosmik Nəsil Məşvərət Şurası və fəaliyyət sahələri” adlı təqdimatla çıxış edərək SGAC-in mentor və təqaüd proqramları, regional və yerli tədbirlər, veb səhifəsi barədə ətraflı məlumat verdi. “Azercosmos” və Kosmik Nəsil Məşvərət Şurası (SGAC) arasında əməkdaşlığından, gənc mütəxəssislər və tələbələr üçün kosmik fəaliyyətin təbliğində, təhsil və karyera inkişafı ilə kosmik sektorun işçi qüvvəsini gücləndirmək istiqamətində həyata keçirilən layihələrdən danışdı. Bidirdi ki, təmsil etdiyi təşkilat gənclərdən ibarət dünyanın ən böyük şəbəkəsidir. Qurum tələbələr üçün müxtəlif təqaüd təmin edir. Əsasən kosmik mövzuda, Ay səthinin araşdırılması, kosmik dayanıqlılıq, iqlim dəyişikliyi kimi müxtəlif mövzularda araşdırmalara dəstək verir. Ölkəmizdə artıq peyklərimizin idarə olunmasında peyk mühəndisi, iqtisadçı, peyk əməliyyatları üzrə operator, peyk təsvirləri üzrə mütəxəssis kimi çalışan peşəkar mütəxəssislərin olduğunu qeyd edərək, SDU tələbələrinin də bu sırada olmasını arzu etdi.
Nadir Atayev çıxışında həmçinin ölkədə kosmik fəaliyyət sahəsində “Azərkosmos”un rolu, maarifləndirici layihələr, tələbələr üçün karyera imkanlarından da danışaraq tələbələri qurumun təşkil etdiyi layihələrlə bağlı məlumatlandırdı, onları bu layihələrdə fəal iştirak etməyə səslədi.
Mətbuat xidməti