Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri Beynəlxalq Quşlar Günü ilə bağlı aksiya keçiriblər
Yerləşdirilmə tarixi : 01 Aprel 2024 17:59
SDU tələbələri Beynəlxalq Quşlar Günü ilə bağlı aksiya keçiriblər

 Azərbaycan ornitofaunası çox zəngindir. Belə ki, ərazidə 400-ə yaxın quş növü qeydə alınmışdır. Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40%-i oturaq növ olmaqla ilboyu müşahidə edilir. Həmçinin Azərbaycan qışlayan quşların sayına görə Avropada ön sıralardadır. Lakin bir sıra ekoloji problemlər quşların sayının azalmasına təsirsiz ötüşməmişdir. Belə ki, quşların yaşama yerlərinin azalması, meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ovlanması, ətraf mühitin çirklənməsi və digər antropogen təsirlər bu prosesi sürətləndirməkdədir. Bütün bu neqativ təsirlərin qarşısının alınması istiqamətində ən effektiv vasitələrdən biri quş evlərinin düzəldilərək ağaclardan asılması və bununla da onların əlverişli şəraitdə bala verərək saylarının artımına şərait yaratmaqdır. Bu məqsədlə tələbələr “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maraqlı aksiyaya başlayıblar. 1 aprel - Beynəlxalq Quşlar günündə Təbiət elmləri fakültəsinin 358-ci qrup tələbələri Biologiya və onun  tədrisi metodikası kafedrasının baş müəllimi Aysel Ağayevanın rəhbərliyi ilə quş yuvaları hazırlamış və universitetin həyətində ağaclardan asmışlar. Aparılmış bu aksiyada əsas məqsəd estetik zövq mənbəyi olan quşların qorunması, zərərverici həşəratlarla mübarizədə mühüm rol oynayan quş növlərinin sayının artırılması, həm də tələbələrə ətraf mühitə sevgi və qayğı hisslərinin aşılanmasından ibarətdir. Quşlar Azərbaycanın sərvətidir, onları qorumaq və daha da artırmaq üçün bütün mümkün imkanlardan istifadə etmək lazımdır. 

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az