Əməkdaşlarımız Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
31 mart Azərbaycanlıların Soyqırımının 106-cı ildönümü ilə əlaqədar Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının bir qrup müəllimi Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Əməkdaşlar soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər. Ziyarət zamanı 1918-ci ildə ermənilərin Qubada törətdiyi vəhşiliklər, Azərbaycan xalqının başına gətirilən dəhşətlər və bu qırğınların real nişanələri haqqında Quba Soyqırımı Memorial Kompleksinin bələdçiləri tərəfindən ətraflı məlumat verilib.
Məlumat üçün qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb.Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Onu da qeyd edək ki, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının əməkdaşları tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinin ziyarəti hər il ənənəvi qaydada həyata keçirilir.