Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Azərbaycan dilinin saflığının qorunması, problemlər və həlli yollarına həsr olunmuş seminar keçirildi
Yerləşdirilmə tarixi : 05 Aprel 2024 17:23
SDU-da Azərbaycan dilinin saflığının qorunması, problemlər və həlli yollarına həsr olunmuş seminar keçirildi
 Aprelin 5-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində SDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması: problemlər və həlli yolları” adlı seminar keçirildi.
Seminarda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbər heyəti, Filologiya fakültəsinin müəllim və tələbələri iştirak edirdilər.
Giriş sözü ilə çıxış edən Filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva qonaqları və iştirakçıları salamladı, mövzunun aktuallığına toxunaraq ana dilimizin inkişaf yolundan və zənginliyindən danışdı. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə belə görüşlərin davamlı olmasını arzuladı.
SDU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminlinin moderatorluğu ilə keçən seminarda Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin təmin olunması, dilçiliyin inkişaf etdirilməsi və bu aspektdə gerçəkləşdirilən mühüm tədbirlər haqqında söhbət açıldı.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva çıxış edərək rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı bəhs edərək mərkəzin son dövrlərdə həyata keçirdiyi işlərdən danışdı. Ana dilinin qorunmasında önəmli olan faktorlardan, dilin zənginləşməsi prosesindən, KİV-də ədəbi dilin normalarının pozulması və və digər məsələlər haqda məlumat verdi.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirova Azərbaycan dilinin mövcud vəziyyəti və ədəbi dil normalarının qorunması uğrunda mübarizədən danışdı. Bildirdi ki, ölkəmizdə ardıcıl şəkildə Azərbaycan dili ilə bağlı mühüm işlər görülür, tədqiqatlar aparılır.
Digər çıxışçılar da Azərbaycan dilinin saflığı və onun qorunması məsələsindən danışdılar, dilimizin incəliyinə xələl gətirən nöqsanların aradan qaldırılması üçün məktəb, ailə və cəmiyyətin birliyinə böyük ehtiyac olduğunu bildirdilər.
Seminarda ana dilinə verilən dəyər, dilimizin zənginliyi və saflığının qorunması, ədəbi dilin düzgün istifadəsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, dilin ifadə üslubları, dil normalarına riayət olunması, eləcə də
beynəlxalq terminlərin istifadəsi haqda geniş fikir mübadiləsi aparıldı. Müzakirələr zamanı internet resurslarında, mətbu orqanlarda yol verilən yanlışlıqlar, eləcə də dilimizin qorunması və inkişafına xidmət edə biləcək maraqlı nüanslara toxunuldu, problemlərin həlli istiqamətində müxtəlif təkiflər səsləndirildi.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az