SDU-da şagirdlər üçün “Açıq qapı” günü davam edir
Aprelin 18-də Sumqayıt Dövlət Universitetinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşəbbüsü ilə təşkil edilmiş orta məktəblərin yuxarı sinif şagirdlərinin universitetlə tanışlığı davam etdirilir.
Şagirdlər arasında tanıtım məqsədi ilə təşkil olunmuş ekskursiya universitet və orta məktəblər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, bu işin metodika və metodologiyasının təkmilləşdirilməsi, bütövlükdə təhsilin, xüsusilə də pedaqoji təhsilin keyfiyyətinin yüksəldilməsi üçün birgə səmərəli fəaliyyətə öz müsbət təsirini göstərir.
Sumqayıt şəhər ümumtəhsil məktəblərinin şagirdlərini SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov qarşılayaraq onlara universitet, onun perspektivləri və üstünlükləri haqqında ətraflı məlumat verdi, universitetdə tələbələr qarşısında qoyulan tələblərlə yanaşı, onlara yaradılan geniş imkanlardan söz açdı. Bildirdi ki, universitetin 3 tədris binası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin elmi kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, Tələbə Klubu nəzdində rəqs, qiraət kimi özfəaliyyət dərnəkləri, Debat-natiqlik klubu, şahmat, futbol, badminton, stolüstü tennis, atcılıq, qılıncoynatma, idman zalı da daxil olmaqla, geniş idman kompleksi və Tələbə evi, açıq səma altında Tədris muzeyi var.
Prorektor onu da diqqətə çatdırdı ki, bu kimi görüşlərin keçirilməsi, hər bir fakültənin ixtisasları haqqında ətraflı məlumat almaq gələcəkdə abituriyentlərin daha peşəkar kadr kimi yetişmlərinə böyük kömək olur.
Ekskursiyanın yekununda şagirdlər də universitetdə olmaqdan məmnunluqlarını ifadə edərək, görüşə görə universitet rəhbərliyinə və təşəbbüskarlara minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, universitet ilə məktəblər arasında əlaqələrin formalaşdırılması, şagirdlər arasında ali təhsilə həvəsin stimullaşdırılması istiqamətində məktəblərin şagirdləri ilə görüşlər mayın ayının 2-dək davam edəcəkdir.
Mətbuat xidməti