SDU-nun əməkdaşı beynəlxalq layihə çərçivəsində Danimarka Krallığındakı təlimlərdə olub
Azərbaycan Dövlət İqtisad Universitetinin (unec.edu.az) koordinator, Sumqayıt Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi, Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması (REFRESH)” layihəsi çərçivəsində Danimarka Krallığının Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfəri baş tutub.
Səfərdə UNEC, Azərbaycan Texnologiya Unversiteti (ATU), Gəncə Dövlət Universiteti (GDU), Mingəçevir Dövlət Universiteti (MDU), Lənkəran Dövlət Universiteti (LDU) və Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələri öz qurumlarını təmsil ediblər.
Qeyd edək ki, SDU-nu Təbiət elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov təmsil edib.
Səfərin məqsədi yerli tərəfdaş univeristetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə təkmilləşdirilməsi və innovativ yöndə istiqamətləndirilməsindən ibarət idi.
Səfərin ilk günü UNEC və yerli tərəfdaşların nümayəndələri təmsil etdikləri qurumla bağlı Danimarka Texniki Universitetinin REFRESH layihəsi üzrə komandasına məlumat vermiş, habelə alternativ enerji sahəsində mövcud proqramların vəziyyəti haqqında DTU nümayəndələrinə təqdimat xarakterli çıxış ediblər.
Beş günlük təcrübə səfəri müddətində DTU-nun REFRESH layihəsi üzrə təlimçiləri Mads Peter Sorensen, Jalal Kazempour, Per Sieverts Nielsen, Martin Brynskov, Ivano Eligio Castelli, Henrik Madsen və digərləri iştirakçılara universitetin bərpa olunan enerji mənbələri, bərpa olunan enerji istehsalının proqnozlaşdırılması (külək, günəş, su) və istehlakçı aspektindən uyğunlaşma, dayanıqlı enerji texnologiyaları üzrə mühəndislik ixtisasları üzrə bakalavr və magistratura proqramları təqdim ediblər. O cümlədən, dayanıqlı enerji sistemləri, sözügedən istiqamət üzrə fənlərin tədrisi zamanı süni intellektin istifadəsi, bərpa olunan enerji mənbələri - günəş və külək enerjisi, isitmə sistemləri, təkmilləşdirmək məqsədilə sillabusları təhlil edilərək tövsiyələr bildirilib.
Təlimin növbəti günlərində iştirakçıların tərəfdaş yerli ali təhsil müəssisələrinin proqramlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsinə dair vörkşop təşkil olunub. Vörkşop çərçivəsində proqram portfolioları, məzmunu və tədris materialları haqqında geniş diskussiya həyata keçirilib.
Təcrübə səfərinin son günündə isə yerli tərəfdaşlara təlimçilərin təlimi (ToT) keçirilib.
Mətbuat xidməti