Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşası
Yerləşdirilmə tarixi : 25 Dekabr 2015 11:24
"Müsyo Jordan və dərviş Məstəli şah" tamaşası

Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin maarifçi-realist görüşlərinin Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna xidməti olmuşdur. Xalqın maariflənməsində, çağdaş ədəbi-mədəni, elmi dəyərlərə qovuşmasında sənətin və ədəbiyyatın roluna yüksək qiymət verən M.F.Axundzadə Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) bu gün də xalqımız tərəfindən sevilərək yaşayır.
Dekabrın 25-də Universitetimizdə “Renessans” Tələbə Gənclər teatrının bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Vaqif İbrahim və tələbə aktyorların hazırladığı "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşası səhnələşdirildi.  
M. F. Axundzadənin satirik-tənqidi əsəri olan "Müsyo Jordan və dərviş Məstəli şah" da avamlıq, cəhalət yumoristik bir tərzdə tənqid olunmuşdur. Nəticədə dərviş Parisi partladır. Tanınmış fransız botanika alimi müsyö Jordan(Vaqif İbrahim) mülkədar Hətəmxan ağanın (İbrahim Qanıyev) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi( Fikrət Aslanov) özü ilə Parisə aparmaq orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.
Əsərdə olduğu kimi, tamaşada da XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir.
M.F.Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşasında  milli kolorit, tələbə aktyorların peşəkar ifası və Zaur Səfərovun musiqi tərtibatı izləyicilər tərəfindən böyük alqışla qarşılandı.
Universitetin rektoru, professor Elxan Hüseynov aktyor tələbələrin hazırladıqları tamaşanın yüksək təşkilindən, peşəkarlıqlarından söz açaraq bildirdi ki,  bu tamaşa Yeni il ərəfəsində olduğumuz müddətdə bayramımıza rəng qatdı. Rektor tamaşada iştirak edən aktyor tələbələri ürəkdən təbrik etdi, onlara yeni yaradıcılıq uğurları arzuladı. Hər birini  100 manat məbləğində pulla mükafatlandırdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az