SDU Daşkənd Kimya-Texnologiya İnstitutu ilə əməkdaşlığını genişləndirir
Mayın 1-də Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru Botir Usmanov nümayəndə heyəti ilə Sumqayıt Dövlət Universitetində oldu.
SDU-nun rektoru dosent Rüfət Əzizov qonaqları qəbul edərək onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi, Azərbaycan - Özbəkistan arasında bütün sahələr üzrə, xüsusilə təhsil sahəsindəki yüksək səviyyəli əməkdaşlıqdan danışdı və rəhbərlik etdiyi universitetin fəaliyyəti, maddi-texniki bazası, beynəlxalq əlaqələri, mövcud olan ixtisaslar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti müasir texnologiyaların tətbiqinə, həmçinin bu sahədə elmi tədqiqatlara böyük əhəmiyyət verir. Bu baxımdan yerli və xarici universitetlərlə, sənaye müəssisələri və tədris mərkəzləri ilə əməkdaşlığını inkişaf etdirir ki, bu da nəticə etibarı ilə yaxşı perspektivlər vəd edir.
Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru Botir Usmanov səmimi qəbula görə rektor Rüfət Əzizova təşəkkürünü bildirdi, rəhbərlik etdiyi institut barədə ətraflı məlumat verdi. SDU ilə əlaqələrin qurulması və inkişafına ciddi maraq göstərdiklərini, bu münasibətlərin dərinləşdirilməsinin hər iki ali təhsil müəssisəsinin gələcək fəaliyyətinə töhfə verəcəyini bildirdi.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, birgə elmi tədqiqat imkanları, müştərək layihələrin işlənməsi, birgə elmi konfransların keçirilməsi və digər məsələlər geniş müzakirə edildi. Tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalanması üçün razılığa gəlindi.
Rektor dosent Rüfət Əzizov qonaqlara xatirə hədiyyəsi təqdim etdi.
Görüşdən sonra qonaqlar universitetin inzibati binasına, burada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə, “Code Academy”yə, ayrı-ayrı auditoriya, laboratoriya və tədris otaqlarına, eləcə də açıq səma altında yerləşən Muzey – poliqonuna baş çəkdilər.
Mətbuat xidməti