SDU-da icbari tibbi sığortanın təbliği ilə bağlı maarifləndirici tədbir keçirildi
Mayın 6-da Sumqayıt Dövlət Universitetində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə icbari tibbi sığortanın təbliği və bu sahədə əhalinin maarifləndirilməsi çərçivəsində tədbir keçirildi.
Universitetin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə SDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev çıxış edərək iştirakçıları salamladı, ölkədə əhalinin sağlamlığının qorunmasını təmin etmək, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində səhiyyə sahəsində həyata keçirilən islahatlar haqqında və bu istiqamətdə icbari tibbi sığortanın əhəmiyyətindən danışdı.
Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçiləri Sevil Əliyeva və Emil Lətifov təqdimatla çıxış edərək icbari tibbi sığorta sisteminin mahiyyəti, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolu, icbari tibbi sığorta sisteminin məqsədi, sistemdən istifadə qaydaları, müraciət formaları, “Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlər, eləcə də bu xidmətlərin həyata keçirildiyi tibb müəssisələri və s. haqda məlumat verdilər.
Təqdimatdan sonra geniş fikir mübadiləsi aparıldı, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti