Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi SDU tələbələr ilə görüş keçirdi
Mayın 7-də Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndəsi Sumqayıt Dövlət Universitetində tələbələr ilə görüş keçirdi.
Təhsil Tələbə Kreditinin universitet üzrə məsul şəxsi Tədris-Metodik Mərkəzin tədris bölməsinin müdiri Sabir Behbudov çıxış edərək Fondun nümayəndəsini və iştirakçıları salamladı, ölkədə aparıcı sahə olan təhsillə bağlı həyata keçirilən layihə və proqramlardan, həmçinin təhsil tələbə kreditlərinin yaratdığı imkanlardan danışdı. Universitetdə mütəmadi olaraq tələbələr arasında geniş maarifləndirmə işlərinin aparıldığını və Fond tərəfindən daxil olan məlumatların vaxtında gənclərin diqqətinə çatdırıldığını bildirdi.
Tədbirdə çıxış edən Təhsil Tələbə Krediti Fondunun Təhsil Müəssisələri ilə İş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək təhsil tələbə kreditlərinin verilməsi meyarları, müraciət qaydaları, təhsil tələbə kreditlərinə tətbiq edilən güzəştlər haqqında zəruri informasiyaları diqqətə çatdırdı. Bildirdi ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.
Görüşün sonunda təhsil kreditlərinin verilməsi ilə bağlı irəli sürülən təkliflər ətrafında müzakirələr aparıldı və tələbələrin sualları cavablandırıldı.
Mətbuat xidməti