Tələbələrimiz Heydər Əliyevin 101 illiyinə həsr olunmuş müsabiqə-festivalın yekun konsertində iştirak ediblər
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. 2024-cü ilin may ayının 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ili tamam olur. Ulu öndərin anadan olmasının ildönümlərinə ehtiram əlaməti olaraq ali təhsil müəssisələrinin tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda yetişdirmək məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevn anadan olmasının 101-ci ildönümünə həsr olunmuş 3 mərhələ üzrə bədii yaradıcılıq müsabiqə-festivalına start verilmişdir.
Mayın 7-də Heydər Əliyev adına Sarayda müsabiqə-festival qaliblərinin yekun konserti keçirildi. Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqas, bədii qiraətçi, musiqiçi, həmçinin orkestr və ansambllar, rəqs kollektivləri iştirak edirdilər.
Hər il olduğu kimi, bu il də Sumqayıt Dövlət Universitetinin istedadlı tələbələri müsabiqənin Əsasnaməsinə uyğun olaraq milli rəqs, bədii qiraət və mahnı nominasiyaları üzrə universitetimizi təmsil ediblər.
Mətbuat xidməti