SDU-da “Yaşıl dünya naminə həmrəylik” Forumu və “Yaşıl iş yerləri” sərgisi təşkil edilib
Mayın 14-də Sumqayıt Dövlət Universitetində SOCAR Polimer MMC-nin baş sponsorluğu, “Sumqayıt Texnologiyalar Parkı” MMC və “Glensol” şirkətinin sponsorluğu ilə Sumqayıt Dövlət Universitetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional filialının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Sumqayıt Dövlət Texniki Kollecinin dəstəyi ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar dövlət strukturları, özəl təşkilat və müəssisə rəhbərlərinin də iştirak etdiyi “Yaşıl dünya naminə həmrəylik” forumu və “Yaşıl iş yerləri” sərgisi keçirildi.
Forumda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanları, müəssisə, idarə və təşkilat nümayəndələri və universitetinin professor, müəllim, tələbə heyəti iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüb xatirəsini ehtiramla yad etdilər. Sonra Böyük Akt zalının foyesində Sumqayıt Dövlət Universitetinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirdiyi tədbirlərdən ibarət foto - sərgiyə baxış keçirildi. Böyük Akt zalında davam edən Forumda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ərazimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Forumu giriş sözü ilə universitetin rektoru dosent Rüfət Əzizov açaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovu, millət vəkillərini, qonaqları və iştirakçıları salamladı, “Yaşıl dünya naminə həmrəylik” Forumunun əhəmiyyətindən bəhs etdi.
Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Sumqayıt Dövlət Universitetində silsilə tədbirlərin keçirildiyini, bugünkü Forumun da Azərbaycanın COP29-a ev sahibliyi etməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmasının gənclərin bu sahədə məlumatlandırılması, ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsi ilə yanaşı, elmi-tədqiqatların aparılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.
Rektor qeyd etdi ki, COP29-un ölkəmizdə keçirilməsi cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətin nəticəsidir. Ölkə başçısının müdrik siyasəti sayəsində Azərbaycan qlobal məsələlərin həllində fəal rol oynayır. Rektor COP29-un Azərbaycanda keçirilməsinin ölkənin həm siyasi, həm də iqtisadi həyatında önəmli bir hadisə olduğunu, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə tutan prioritetlərdə təmiz ətraf mühit və yaşıl artımın ayrıca yer aldığını, bu istiqamətdə təbiətin, ətraf mühitin qorunması, yaşıllıqların qurulması, biomüxtəliflik, yaşıl enerji və s. digər sahələrin əhəmiyyətli mövzular olduğunu diqqətə çatdırdı.
Rüfət Əzizov onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education”un (THE) illik “qlobal təsir” forumuna birgə ev sahibliyi edəcək və nəticədə ölkəmizin bu istiqamətdə apardığı işlərə öz töhfəsini verəcəkdir.
Rektor çıxışının sonunda “Dayanıqlı universitet” olmaq üçün qarşıda duran planlar haqqında təqdimatla çıxış etdi.
Tədbirdə Sumqayıt şəhərində və universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş olundu. Tədbirin plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, MM İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin Deputatı, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Neft Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov çıxış edərək “Yaşıl dünya naminə həmrəylik” Forumunun gənclərin həyatına müsbət təsirindən və COP-29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin önəmindən söz açdılar, qlobal ekoloji problemlərlə qarşılaşan müasir dünyamızda yeni, ekoloji cəhətdən təmiz enerji mənbələrinin tətbiqinin əhəmiyyətini vurğuladılar.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov çıxış edərək Sumqayıt Dövlət Universitetində belə bir forumun keçirilməsini mühüm hadisə kimi dəyərləndirərək qeyd etdi ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərdən biri olan COP29-a evsahibliyi etməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük ehtiramın təzahürüdür. Ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir, bu istiqamətdə yaşıllıqların mühafizəsi və artırılması baxımından ağacəkmə aksiyaları davam etdirilir.
Plenar iclasdan sonra universitetin həyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına start verildi.
Ağacəkmə aksiyasından sonra universitetin rektoru dosent Rüfət Əzizov və qonaqlar “Yaşıl iş yerləri” sərgisi ilə tanış oldular. Sərgidə çıxış edən SDU-nun Karyera və Məzunlarla iş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova universitetdə ilk dəfə olaraq belə bir forumun keçirildiyini vurğuladı və sərgi haqqında məlumat verdi.
Qeyd edək ki, “Yaşıl iş yerləri” sərgisində ölkəmizdə fəaliyyət göstərən müxtəlif sektorlardan 70-dən çox qurum və şirkət təmsil olunurdu. Sərgidə tələbə və məzunlar Azərbaycanın ən iri özəl şirkətləri və dövlət qurumlarında vakansiyalar, işəgötürmə prosedurları haqqında şirkət nümayəndələri tərəfindən məlumatlandırıldılar.
Sonra Guava Pay-də məhsul sahibi, Bakı Dizayn Akademiyasının müəllimi Şahlar Dəmirli “Müasir dünyanın trenddə olan ixtisasları” mövzusunda çıxış etdi.
Daha sonra “Yaşıl dünya naminə” tələbələr arasında velosiped marafonu start götürdü.
Forum sessiyalar üzrə davam etdi.
“Sənayedə dayanıqlı inkişaf təcrübələri” mövzusunda “Azərenerji ASC”-nin Enerji Sisteminin Perspektiv İnkişafı şöbəsinin rəisi Valeh Nəsibov, “Azərişıq ASC”-nin Tədris və İnnovasiyalar Mərkəzinin Yaşıl Enerji kafedrasının müdiri Ayşən Həmidova, Beynəlxalq Enerji Agentliyinin Azərbaycan üzrə eksperti Pərviz Qəribzadə və “Green Solution Strategies MMC”-nin direktoru İsa Əliyev çıxış etdilər.
“Davamlılıq üçün universitet-sənaye əməkdaşlığı” mövzusunda keçirilən dəyirmi masa ətrafında TİF, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, STP MMC, AzerEnerji ASC, “Azərikimya” İB, “SOCAR Polymer” MMC, “SOCAR Carbamide”, Neft Kimya Prosesləri İnstitutu, Polimer Materialları İnstitutu, “GiLTEX” MMC və “Azertexnolayn” MMC kimi müəssisələrin nümayəndələri çıxış etdilər.
SABAH.HUB-ın idarə heyətinin üzvü Orxan Abbasov tərəfindən Azərbaycan Təhsil Müəssisələrinin akademik heyəti və tələbələrindən ibarət iştirakçılara “Davamlı inkişaf üçün sosial innovasiya ekosistemi” mövzusunda vörkşop keçirildi.
“Yaşıl iqtisadiyyat və davamlı iqtisadi artım perspektivləri” mövzusunda panel müzakirəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin professoru Sərvər Qurbanov və Bakı Ali Neft Məktəbinin “Biznesin idarə edilməsi” kafedrasının müdiri Altay İsmayılov çıxış etdilər.
Forum çərçivəsində tələbələr arasında qaçış marafonu keçirildi. Sonda qaliblərə hədiyyələr təqdim edildi.
Forumun sonunda “Ayna Band” qrupu tələbələr qarşısında çıxış etdi.