Tələbələrimiz Respublika Çempionatından uğurla qayıdıblar
Mayın 17-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və AHİTA ilə razılaşdırılmış təqvim planına əsasən “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Cüdo (kişilər) idman növü üzrə Respublika Çempionatı keçirilmişdir. Ali təhsil müəssisələrindən 10 komandanın mübarizə apardığı yarışda SDU-nun komandası məşqçi-müəllim Polad Əliyevin rəhbərliyi ilə 7 cüdoçu ilə təmsil olunmuşdur. Komandamızın üzvləri 60 kq, 73 kq, 90kq, 100 kq və 100+ kq çəki dərəcəsində öz qüvvələrini sınayıblar.
Təmsilçilərimizdən: Tarix və coğrafiya fakültəsinin 866 saylı qrup tələbəsi Anar Abdulsalamov (-90kq) ikinci yerə çıxaraq gümüş medala layiq görüldü. Mühəndislik fakültəsinin 345 saylı qrup tələbəsi Şıxbaba Poladov (73kq), İqtisadiyyat və idarəetmə fakültəsinin 752 saylı qrup tələbəsi Cavid Zülfiyev (100+) üçüncü, Mühəndislik fakültəsinin 345 saylı qrup tələbəsi Zamanov Əli (60 kq) dördüncü yerə sahib çıxdıla
Mayın 20-də universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov uğur əldə edən tələbələrimizi qəbul edərək, onları təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzulayaraq vurğuladı ki, dövlətimizin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunaraq uğurlar əldə edirlər. Sevindirici haldır ki, ölkəmizin medal xəzinəsində idmançı tələbələrimizin də rolu böyükdür.