Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri SDU tələbələri ilə görüş keçirib
Mayın 21-də Müdafiə Sənayesi Nazirliyi (MSN) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə “Azərbaycanın müasir müdafiə sənayesi” mövzusunda universitet tələbələri ilə görüş keçirildi.
Tədbirdə Müdafiə Sənayesi Nazirinin Müşaviri Arif Babayev, Nazirliyin şöbə müdiri, Əməkdar mühəndis Məmmədsaleh Əliyev, Nazirliyin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdilər.
Tədbiri giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq qonaqları və iştirakçıları salamladı. Bildirdi ki, Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması respublikanın və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Azərbaycan iqtisadiyyatının digər sahələri kimi müdafiə sənayesi də sürətlə inkişaf edir və bu sahənin inkişafı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin birbaşa nəzarəti altındadır. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusu ilə yanaşı, həm də ölkənin, yəni yerli müdafiə sənayesi sektorunun potensialını meydana çıxardı. İndi bütün azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı qürurla dalğalanır. Bu gün Milli Ordumuzun gücündən danışarkən gənclərimizin vətənpərlik ruhunun yüksək olmasını xüsusi vurğulamaq lazımdır. Bu istiqamətdə belə görüşlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Müdafiə Sənayesi Nazirinin Müşaviri Arif Babayev çıxış edərək Nazirliyinin yaradılması, fəaliyyəti, istehsal prosesi və qarşıda duran yeniliklər barədə məlumat verdi, hərbi sənaye sahəsində hər zaman gənc mütəxəssislərin yetişdirilməsinə ehtiyac olduğunu diqqətə çatdıran Nazir Müşaviri diqqətə çatdırdı ki, bugünkü görüşün də məqsədi Müdafiə Sənayesi Nazirliyinin ordu quruculuğu sahəsində həyata keçirdiyi fəaliyyətə dair məlumatların gənc nəslə çatdırılması, onların iqtisadiyyatın ən aparıcı sahələrindən olan müdafiə sənayesinə marağının artırılması, innovativ mühəndislik üzrə aparıcı qüvvə kimi formalaşmasıdır.
Ölkənin müdafiə sənayesində əldə olunan uğurlardan danışan Nazir Müşaviri Arif Babayev onu da qeyd etdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Ölkəmizdə ordu quruculuğu sahəsində də sistemli və kompleks işlər aparılır. Azərbaycanın dövlətçilik tarixinin və
hərbi salnaməsinin şərəfli səhifəsini təşkil edən Vətən müharibəsindəki tarixi Zəfərin qazanılmasına Müdafiə Sənayesi Nazirliyi özünün layiqli töhfələrini verdi. Nazirliyin fədakar kollektivi 44 günlük Vətən müharibəsində gücləndirilmiş iş rejimində çalışaraq, Şanlı Azərbaycan Silahlı Qüvvələrini müasir silah-sursat, döyüş texnikası və PUA-larla fasiləsiz təchizatını təmin etdi. Hazırda milli sənayemiz sürətli inkişaf yolundadır. Belə ki, ölkəmiz öz daxili ehtiyaclarını ödəməklə yanaşı, onlarla ölkəyə hərbi məhsul ixrac edir. Son illərdə ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə buraxılan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir ki, bu da respublikamızda hazırlanan hərbi təyinatlı məhsulların geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir.
Bu gün silahlı qüvvələrimizin istifadəsində həm müşahidə kəşfiyyat, həm də zərbə təyinatlı məhsullar yer alır və geniş istifadə olunur. Hətta bunlardan birinə 44 günlük müharibədə “İtiqovan” adı verildi. Hal-hazırda yüksək səviyyədə, daha böyük gücə malik uçuş aparatları istehsal olunur.
Sonra ölkəmizin müdafiə sənayesindən bəhs edən videoçarx nümayiş olundu.
Daha sonra Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri, əməkdar mühəndis Məmmədsalah Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin və layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin müdafiə sənayesinin yaradılmasında və inkişafındakı misilsiz xidmətlərindən danışdı.
Müdafiə Sənayesi Nazirliyinin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev də çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlıqlarından və Nazirliyin əməkdaşlarının Vətən müharibəsində göstərdikləri böyük şücaətdən söz açdı.
Tədbirdən sonra SDU-nun rektoru dosent Rüfət Əzizov MSN-in nümayəndələri ilə görüşüb, onları universitetin daxilində yerləşən Elektroenergetika Tədris Muzeyi, İnnovasiya Yaradıcılıq Mərkəzi və laboratoriyalar ilə tanış edib.