SDU-nun Dil və Tərcümə Mərkəzi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirib
Mayın 21-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SDU-nun Dil və Tərcümə Mərkəzinin təşkilatçılığı ilə müəllim və tələbələr üçün “Green conversation” adlı növbəti tədbir keçirildi.
Tədbirdə çıxış edən SDU-nun Dil və Tərcümə Mərkəzinin direktoru Jalə Məmmədova iştirakçıları salamladı və belə tədbirlərin gənclər üçün əhəmiyyətini vurğuladı.
Tədbir Mərkəzin əməkdaşları Şəms Müzəffərli, Safurə Quliyeva və Pəncab Universitetinin məzunu, əcnəbi təlimçi Masuma Alinin iştirakı ilə vörkşop şəklində davam etdirildi. Masuma Ali iştirakçılara maraqlı tapşırıqlar təqdim etdi, sonra aktiv iştirakçıların cavabları qiymətləndirildi və ən çox bal qazanan beş nəfərə hədiyyələr təqdim edildi.
Tədbirin ikinci hissəsi universitetin həyətində açıq havada davam etdi. Tələbələr ingilis dilində sərbəst ünsiyyət quraraq, mahnı və şeirlər səsləndirdilər. Sonda “Green conversation” iştirakçıları tədbir barədə öz təəssüratlarından danışdılar və xatirə fotoşəkilləri çəkdirdilər