“COP 29-un müxtəlif aspektlərinin və onun qlobal iqlim gündəliyinə uyğunluğunun araşdırılması”na həsr olunmuş elmi-praktik seminar keçirilib
Mayın 22-də Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Kimya mühəndisliyi və ekologiya kafedrasının təşkilatçılığı ilə “COP29-un müxtəlif aspektlərinin və onun qlobal iqlim gündəliyinə uyğunluğunun araşdırılması”na həsr olunmuş elmi-praktik seminar keçirildi.
Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları ilə yanaşı, universitetin professor-müəllim və tələbə heyəti iştirak edirdilər.
Seminarı giriş sözü ilə Kimya mühəndisliyi və ekologiya kafedrasının dosenti Rəhilə Əhmədova açaraq iştirakçıları salamladı, seminarın aktual mövzuya həsr olunduğunu bildirdi. İqlim dəyişikliyi məsələsinin bütün ölkələr üçün vacibliyini vurğulayan dosent respublikamızda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un əhəmiyyətindən danışaraq qeyd etdi ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə rəmzi məna daşımır, bu ilin belə adlandırılması eləcə də COP29 missiyasına verilən dəyərin təzahürüdür.
Sonra ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları: rəis müavini Gülnarə Abbasova “İqlim dəyişmələri fonunda baş verən təhlükəli atmosfer hadisələri, idarə edilməsi”, Beynəlxalq əməkdaşlıq və İqlim dəyişmələri şöbəsinin müdiri Fuad Hümbətov “COP29, emissiyaların azaldılması”, İqlim dəyişmələri mərkəzinin direktoru Sevinc Əhmədova “COP29 – Tərəflər konfransı” mövzularında çıxış etdilər. Çıxışlarda ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində həyata keçirilən işlərdən söz açıldı.
Daha sonra həm məruzələr ətrafında və həm də qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı, ETSN yanında Milli Hidrometeorologiya Xidməti ilə əlaqələrin genişlənməsi məsələsi də vurğulandı.
Seminarın sonunda Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev ölkəmizdə COP29 ilə bağlı hazırlıq işlərindən və belə ciddi konfransa ev sahibliyinin ancaq dünyanın nüfuzlu dövlətlərinə həvalə olunduğunu diqqətə çatdıraraq, Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən biri olduğunu vurğuladı.
Dekan həmçinin çıxışında bu istiqamətdə Sumqayıt Dövlət Universitetində keçirilən “Yaşıl dünya naminə həmrəylik” Forumundan,
“Yaşıl iş yerləri” sərgisindən, müxtəlif seminar, tədbirlər, eləcə də universitet və Sumqayıt ərazisində ağacəkmə və iməclik aksiyalarından, ölkəmizin bu sahə üzrə apardığı işlərə dəstəkdən danışaraq, seminarın təşkilatçılarına və qonaqlara təşəkkürünü ifadə etdi.