SDU-da Zonguldak Bülent Ecevit Universitetinin professoru Nurettin Hatunoğlunun onlayn formatda mühazirəsi keçirilib
Mayın 23-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Zonguldak Bülent Ecevit Universitetinin professoru Nurettin Hatunoğlunun “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda onlayn formatda mühazirəsi keçirilib.
Professor Nurettin Hatunoğlu Türkiyə və Azərbaycanın qədim tarixi köklərə söykənən birliyindən və qardaşlığından danışaraq qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə arasında bütün sahələr, o cümlədən təhsil üzrə əlaqələr inkişaf edir, müəllim-tələb mübadiləsi uğurla həyata keçirilir, universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq uğurla icra olunur. Türk dünyasının iki dahi oğlu - Böyük öndər Mustafa Kamal Atatürk və Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu prinsiplər hər iki dövlətin münasibətlərinin inkişafının bünövrəsini təşkil edir. Əsrlər boyu bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, sadiqlik, etibar və qarşılıqlı dəstək olmuşdur.
Qarşılıqlı müzakirələrlə davam edən mühazirədə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov, kafedranın baş müəllimi Pərviz Cəfərov və əməkdaş Kəmalə Mirzəyeva çıxış edərək Azərbaycan-Türkiyə arasındakı ortaq dəyərlərə əsaslanan əlaqələrdən, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətlərindən söz açıblar.
Çıxışçılar iki ölkə arasında münasibətlərin bundan sonra daha səmərəli, faydalı və məqsədyönlü şəkildə, uğurla davam edəcəyinə əminliklərini ifadə edərək mühazirənin həm müəllim, həm də tələbələr üçün əhəmiyyətini vurğulayıblar.