23 və 24 may tarixlərində Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı çərçivəsində son iki modul üzrə dərslər keçirilmişdir. ”Viveka" strateji innovasiya məsləhətçiliyi şirkətinin İnnovasiya və Xidmət Dizayneri Halime Dilan Akbaş və şirkətin Xidmət Dizaynı Tərəfdaşı İdil Erinç Uysal "Məhsulun İnkişaf Etdirilməsi və Sınaqdan Keçirilməsi: İnandırıcı Təqdimat" mövzusunda çıxış etdilər. Tələbələr iş modelinin qurulması və təqdimatının formalaşdırılması üsulları haqqında bacarıqlarını inkişaf etdirdilər.
Bildirək ki, Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramının məqsədi II və III kurs tələbələrində sahibkarlıq və məhsul inkişafı üçün vacib olan hərtərəfli bacarıqları formalaşdırmaq və inkişaf etdirməkdir. 1 semestr davam edən dərs proqramında tələbələr Orta Şərq Texniki Universitetinin müəllimləri,”Viveka" strateji innovasiya məsləhətçiliyi şirkətinin təsisçiləri, innovasiya və xidmət dizaynı sahəsində fəaliyyətin göstərən mütəxəssis və proqramçıların dərslərində məhsul yaradılması, bazara giriş, iş modelinin qurulması, satış startegiyalarının müəyyənləşdirilməsi haqqında biliklər əldə etdilər. Əlavə olaraq, tələbələrdə məhsulun dizayn olunması, loqo yaradılması, və sosial media profillərin yaradılması ilə bağlı praktiki bacarıqlar formalaşdırıldı.
Qeyd edək ki, Proqram 31 may tarixində tələbələrin final təqdimatları ilə yekunlaşacaqdır.