Mayın 25 –də EY Azerbaijan və Yaşıl Azərbaycan (greening.az) birgə təşkilatçılığı ilə Pirşağıda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində "Qlobal Yaşıllaşdırma” layihəsi çərçivəsində COP29-la bağlı ağacəkmə aksiyası təşkil edildi.
Qeyd edək ki, yaşıllaşdırma hərakatına şirkətləri müxtəlif təşviq mexanizmləri ilə cəlb edən “Qlobal Yaşıllaşdırma” (greening.global) layihəsinin ölkə üzrə ilk uğurlu pilot tətbiqidir.
Aksiyada KTN nazir müavini, COP29 Baku Koordinatoru İlhamə Qədimova, KTN Torpaq şöbəsinin müdiri Firudin Tağıyev, Greening.Global layihə rəhbəri Elnur İslamov, Ernst & Young (EY) marketinq rəhbəri İnarə Axundova və Sumqayıt Dövlət Universitetinin Kimya mühəndisliyi və Ekologiya kafedrasının müəllimləri: Aybəniz Hüseynova, Ruhəngiz Əmirova həmçinin “Ekoklub”un üzvləri iştirak etdilər.
Aksiyadan öncə KTN Əkinçilik Elmi- Tədqiqat İnstitutunun Direktoru Faiq Xuduyev, Greening Global- Yaşıl Azərbaycan platformasının rəhbəri Elnur İslamov qonaqlarla görüşdü.
Görüş zamanı Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə təşkil olunan aksiyanın əhəmiyyətindən söhbət açıldı, ölkəmizin COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirildi. Qeyd edildi ki, iqlim dəyişmələri artıq bütün dövlətlər qarşısında qlobal çağırış kimi dayanır. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə dövlətimizin siyasətində prioritet təşkil edir və bu istiqamətdə böyük işlər görülür. Azərbaycanın neft-qaz hasil edən ölkə olmasına baxmayaraq, "yaşıl enerji"yə keçidə üstünlük verdiyini, iqlim böhranını həll etmək üçün ardıcıl addımlar atıldığı diqqətə çatdırıldı.
Sonra Ernst & Young (EY) marketinq rəhbəri İnarə Axundova çıxış edərək təmsil etdiyi şirkət haqqında məlumat verdi. Bildirdi ki, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır. Bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində fəaliyyət göstərir. İnarə Axundova EY –in Azərbaycanda fəaliyyət göstərməsinin 30 illik yubileyinin “Yaşıl dünya naminə həmrəylik ili” nə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına təsadüf etməsindən məmnunluğunu bildirdi. Daima bu cür təşəbbüslərə dəstək olmasından da danışdı.
COP29 iqlim dəyişmələri ilə bağlı SDU-nun Startap layihələrinin: "Yağıntı sularının ekoloji və iqtisadi səmərəliliyi", "Çirkab suların aqrotexniki suvarmada tətbiqi" barədə mentoru Ruhəngiz Əmirova çıxış etdi, layihə ilə bağlı elmi təkliflər müzakirə edildi və mövzuların ekoloji problemlərin həlli istiqamətində aktual olduğu vurğulandı.
Müzakirələr zamanı Global layihə rəhbəri Elnur İslamov çıxış edərək təşəbbüsü dəstəkləyən Kənd Təsərrüfatı Nazirliyinə və dəvəti qəbul edərək iştirak edən nazir müavini İlhamə Qədimova və Torpaqdan istifadəyə Nəzarət şöbəsinin direktoru Firudin Tağıyevə təşəkkürünü bildiribGreening.Global tərəfindən COP29-la bağlı aqroturizmlərin təşkil olunması ilə bağlı təkliflərini səsləndirdi. Bildirdi ki, tədbirin keçirildiyi ərəfədə təşkil olunacaq aqroturizm kənd turizminin bir növü kimi turistlərin kənd təsərrüfatına cəlb olunması ilə yanaşı, eləcə də kənd təsərrüfatında iştirakının təmin edilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edəcək. COP29 yeni aqroturizm layihələrinə yol açacaq.
Təklif iclas iştirakçıları tərəfindən bəyənildi, həmçinin onun yaşıl iqtisadiyyata böyük təkan verəcəyi vurğulandı.
Görüşdən sonra iştirakçılar böyük həvəslə Pirşağıda KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində 300 ağac əkdilər.