SDU tələbələrinə “SOCAR Downstream Management” MMC-nin nümayəndələri tərəfindən təlimlərə start verildi
Mayın 29-da Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “SOCAR Downstream Management” MMC şirkətinin nümayəndələri tərəfindən “Universitetlərdə sənaye çıxışları” (Industry Talks) mövzusunda seminar görüşü keçirildi.
Tədbirdə “SOCAR Downstream Management” MMC şirkətinin Bütövlük üzrə meneceri Nihad Əlimədətli, Korroziya üzrə aparıcı mühəndis İntizar Bodurova, Keyfiyyətə nəzarət üzrə aparıcı mühəndis Seyran Şərbətov, İşə qəbul üzrə supervayzer Ülvi Gülüşov, İR və Biznes Tərəfdaşlığı üzrə aparıcı mütəxəssis Vasif Cəfərov, İşə qəbul üzrə kiçik mütəxəssis Fidan Həsənzadə və universitetin müəllim-tələbə heyəti iştirak etdilər.
Tədbiri SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova açaraq qonaqları və iştirakçıları salamladı, rəhbərlik etdiyi mərkəzin son bir il ərzində görülən işlərdən və planlaşdırılan yeniliklərdən, tələbələr üçün təcrübə mühiti və nəzəri biliklərinin tətbiqi, elmi və texnoloji sahə üzrə inkişaf etdirmələrini özündə ehtiva edən universitet-sənaye əməkdaşlığından danışdı. Bildirdi ki, SDU sənaye müəssisələri ilə əməkdaşlığını uğurla davam etdirir, tələbələr üçün təcrübə proqramları, təlimlər, tələbə düşərgələri, “Yaşıl dünya naminə həmrəylik” Forumu və “Yaşıl iş yerləri” sərgisi təşkil edilmişdir. Bundan sonra da tələbə və məzunlar üçün faydalı olan belə tədbirlərin davam etdiriləcəyini söylədi.
“SOCAR Downstream Management” MMC-nin İşə qəbul üzrə supervayzeri Ülvi Gülüşov çıxış edərək təmsil etdiyi Şirkətin əsas fəaliyyət istiqamətləri, hazırda icra edilən layihələr haqqında məlumat verdi.
Daha sonra Şirkətin Bütövlük üzrə meneceri Nihad Əlimədətli mühəndislik ixtisaslarında təhsil alan tələbələr üçün "Mexaniki bütövlük" mövzusunda təqdimatla çıxış edərək şirkətlə bağlı təcrübələrdən məlumatlandırılmanı təmin etmək məqsədilə təşkil olunan seminarın əhəmiyyətindən, şirkətin bütövlük və etibarlılıq, korroziya bölmələrinin fəaliyyəti və komandanın gördüyü işlərdən, həmçinin universitet-sənaye işbirliyinin əhəmiyyətindən danışdı. Bildirdi ki, son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi ölkə iqtisadiyyatının şaxələnməsinin təmin olunması, yeni iş yerlərinin yaradılması, ölkəmizin iqtisadi potensialının gücləndirilməsidir. Bu istiqamətdə tələbələrin bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayan spiker karyeraya başlamağın yolları, bunun üçün lazım olan resurslar haqqında öz təcrübə və biliklərini bölüşdü.
Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı, fəallığı ilə seçilən tələbələr “SOCAR Downstream Management” MMC-nin hədiyyələri ilə mükafatlandırıldılar.