Mayın 29-da Sumqayıt Dövlət Universitetinin (SDU) "Türk dünyası rəqəmsal vətəndaşlıq layihəsi"- TUDVA-da iştirak edən bir qrup tələbəsinə sertifikatlar verildi.
Təqdimat mərasimini açan TUDVA layihəsinin SDU üzrə koordinatoru, İqtisadiyyat və İdarəetmə fakültəsinin dosenti Səadət Hümbətəliyeva layihənin “Türk Dünyası-2040 Vizyon sənədi”nə uyğun hazırlandığını və Türk Dünyası Simpoziumunun qərarına əsasən Azərbaycanın da qatıldığı 15 Türk ölkəsində fəaliyyət göstərdiyi barədə məlumat verdi. Layihənin 90 universitetin əməkdaşlığı ilə, 130-dan çox alim və 300-dən çox könüllünün, 10000-dən artıq tələbənin iştirakı ilə davam etdiyini bildirildi.
Daha sonra ölkəmizin SDU-da daxil olmaqla 10-dan artıq elm və təhsil müəssisəsinin iştirak etdiyi layihənin əsas məqsədinin geniş arealda türklərin mədəni oxşarlıqlarını əks etdirən rəqəmsal vətəndaşlıq şüurunu yaratmaq olduğu vurğulandı. 86 nəfər tələbəmizin iştirak etdiyi 14 həftəlik onlayn təlim proqramında uğur qazanaraq setifikata layiq görüldüyü və bunların sırasından isə 2 təmsilçimizin Türkiyədə təlim keçmək imkanı qazanıldığı bildirildi.
SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Könül Abaslı tələbələri qazandıqları uğurlara görə təbrik etdi. Daha sonra prorektor müasir təhsilin qarşısında dayanan başlıca vəzifənin əmək bazarı ilə harmoniya yaratmaq olduğunu vurğuladı. Sabahın məzunlarına karyera qurmaq üçün daha çox informasiya, şəbəkələşmə lazım olduğunu qeyd edərək bugünkü uğurların tələbələrin tərcümeyi-halında əks olunacağına əminliyini bildirdi.
Könül Abaslı həmçinin tələbələrin SDU-da təhsil almaqla yanaşı bu cür beynəlxalq layihələrə qoşularaq özlərini daha da inkişaf etdirə biləcəklərini vurğuladı.
Sertifikata layiq görülən tələbələr TUDVA beynəlxalq layihəsində iştiraka şərait yaratdıqları üçün Universitetin rəhbərliyinə və təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər və Ali təhsil müəssisəsi kimi SDU-nu seçdiklərindən məmnun olduqlarını vurğuladılar.
Daha sonra sertifikatlar təqdim olundu.