Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Təbiət Fənn Müəllimlərinin Forumu keçirildi
Yerləşdirilmə tarixi : 31 May 2024 19:28
SDU-da Təbiət Fənn Müəllimlərinin Forumu keçirildi
Mayın 31-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ), Abşeron-Xızı Regional Təhsil İdarəsinin və universitetin Təbiət elmləri fakültəsinin təşkilatçılığı ilə “Təbiət Fənn Müəllimlərinin” Forumu keçirildi.
Forumda Azərbaycan Respublikası Təhsil İnstitutunun, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, SDU-nun və respublikada fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin professor, müəllim, tələbə heyəti iştirak edirdilər.
Böyük Akt zalında davam edən Forumda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ərazimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov çıxış edərək qonaqları və iştirakçıları salamladı, son dövrlər SDU-nun müxtəlif forumlara ev sahibliyi etməsindən və Azərbaycan elminə, təhsilinə verdiyi töhfələrdən danışdı.
Forumun əhəmiyyətindən bəhs edən rektor qeyd etdi ki, dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un təbiət elmlərinə, müasir çağırışlara, sülh və iqlim dəyişikliyinə, alternativ enerji və “yaşıl dünya” ilə bağlı məsələlərin müzakirəsinə həsr olunacaq bugünkü Forumda bu istiqamət üzrə təhsildə yeni çağırışlara cavab verərək keyfiyyətin daha da yüksəldilməsinə nail olunacaq. Sumqayıt təhsilinin aparıcı mövqeyə malik olmasından söz açan rektor şəhərin yeganə ali təhsil müəssisəsi olan SDU-nun uğurlarından və universitet - məktəb işbirliyindən danışdı. Bildirdi ki, Sumqayıt Dövlət Universitetinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşəbbüsü ilə şəhərimizdə yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin universitetlə tanışlıq məqsədi ilə mərhələli şəkildə “Açıq qapı” günləri təşkil olunur, məktəblilərdə elmə maraq yaratmaq məqsədilə SDU-da mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə fənn olimpiadaları təşkil edilir, universitetin elmi rəhbərliyi ilə “Sabahın alimləri” müsabiqəsində Sumqayıt məktəblilərinin potensialının aşkara çıxarılması istiqamətində böyük işlər görülür və nailiyyətlər əldə edilir.
Rektor Rüfət Əzizov müasir çağırışlara uyğun olaraq universitetdə 2024/25-ci tədris ilindən ingilis dilində kimya və riyaziyyat müəllimliyi ixtisaslarının tədrisinə başlanılacağını diqqətə çatdıraraq forumun işinə uğurlar arzuladı. Qeyd etdi ki, forumun gedişatında dəyərli spikerlərimiz müəllimlərin inkişafına dəstək olmaq üçün maraqlı mövzularla çıxış edəcəklər.
Forumda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Elnur Əliyev çıxış edərək “Təbiət Fənn Müəllimlərinin” forumunun kimya, biologiya, fizika fənlərini tədris edən müəllimlərin bir araya gəlməsi, təhsildə yeni çağırışları müzakirə etmək, gələcəyin müəllimini müasir dünyanın çağırışlarına uyğun hazırlamaq kimi aktual məsələyə həsr olunduğunu bildirdi. Qeyd etdi ki, yeni məzmunun tətbiqi, ilk növbədə, yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir. Bu istiqamətdə təşkil olunan Forumun böyük əhəmiyyətə malikdir. Elnur Əliyev onu da qeyd etdi ki, Təhsil İnstitutunun təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin qərarı ilə “Təbiət-6” dərslik komplekti 2023-2024-cü tədris ilində kütləvi tətbiq olunmuşdur. Dərslik komplekti hazırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılaraq, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri nəzərə alınmışdır. Təbiət fənni üzrə dərslik komplekti biologiya, kimya, fizika və coğrafiyaya dair ilkin anlayışların mənimsədilməsi və sadə praktiki tətbiq bacarıqlarının formalaşdırılmasına əsaslanıb. Gələcəkdə də bu istiqamətdə uğurlu addımlar atılacağını diqqətə çatdırdı.
Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxış edərək Azərbaycanda təhsilin və elmin inkişafına göstərilən dövlət qayğısından, insan kapitalının inkişaf etdirilərək gənc nəslin bilikli və savadlı, yüksək potensiala malik yetişdirilməsindən, paytaxt məktəbləri ilə yanaşı, Sumqayıt təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərdən danışdı. Bildirdi ki, həm Abşeron, həm də Sumqayıt məktəbləri ilə SDU arasında sıx əlaqələr mövcuddur. Onlar bu əlaqələrdən bəhrələnərək keçirilən müsabiqələrdə yüksək nəticə əldə edirlər.
ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təqdimatla çıxış edərək bu istiqamətdə görülmüş işlərdən, fənn kurikulumlarının təkmilləşdirilməsində nəzərə alınan əsas məqamlardan, kurikulum sənədinin strukturundan, məzmunda olan yeniliklər və qiymətləndirmə məsələləri haqqında geniş məlumat verdi. Qeyd olundu ki, gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Bu istiqamətdə təhsilalanın savadlı və səriştəli
şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır.
Lomonosov adına Moskva Dövlət Universitetinin və ABŞ-ın Kornel Universitetinin məzunu, hazırda ABŞ-ın Auborn Universitetinin kimya üzrə professoru Rəşad Kərimov çıxış edərək tədris olunan ixtisaslar barədə universitet-məktəb əlaqələrinin zəruriliyindən danışdı.
Forum bədii hissə ilə davam etdi.
Forum çərçivəsində panel iclasların müzakirəsinə başlanıldı.
“Biologiyanın tədrisində yeni çağırışlar və müasir yanaşmalar” panel iclasında spikerlər: Təbiət elmləri fakültəsinin dekanı, Biologiya dərslik komplektinin həmmüəllifi dosent Rəşad Səlimov “Ümumtəhsil məktəbləri üçün təkmilləşdirilmiş Təbiət və Biologiya kurikulumu, Yeni nəsil Biologiya dərslik komplekti”, Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin baş müəllimi, Biologiya dərslik komplektinin həmmüəllifi Dr.Elşad Yunusov “Müasir biologiya müəllimi, müasir şagird,Təbiət fənnlərinin tədrisində müasir yanaşmalar”, LANDAU School İGCSE-nin Biologiya və elm müəllimi Aytac Əlizadə “Beynəlxalq təhsil sistemlərində biologiyanın tədrisi” mövzularında çıxış etdilər.
“Kimyanın tədrisində yeni çağırışlar və müasir yanaşmalar” panel iclasında spikerlər: Bakı Mühəndislik Universitetinin Kimya-biologiya kafedrasının müdiri,Təbiət və Kimya dərslik komplektinin həmmüəllifi dosent Elmar İmanov “Ümumtəhsil məktəbləri üçün təkmilləşdirilmiş Kimya kurikulumu və yeni nəsil kimya dərslik komplekti”, Sumqayıt Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Kimya dərslik komplektinin həmmüəllifi dosent Elşad Abdullayev “Müasir kimya müəllimi, müasir şagird,Təbiət fənnlərinin tədrisində müasir yanaşmalar”, LANDAU School İGCSE-nin Kimya və elm müəllimi Nigar Əsədzadə “Beynəlxalq təhsil sistemlərində kimyanın tədrisi” mövzularında məruzə etdilər.
“Fizikanın tədrisində yeni çağırışlar və müasir yanaşmalar” panel iclasında spikerlər: Fizika dərslik komplektinin həmmüəllifi Yalçın İslamzadə “Beynəlxalq təhsil sistemlərində fizika fənninin tədrisindən gözlənilən nəticələr”, Fizika dərslik komplektinin həmmüəllifi Dünyamalı Məmmədov “7-ci sinif fizika dərsliyində beynəlxalq praktikanın reallaşdırııması”, LANDAU School-un Fizika müəllimi Zülfüqar Əhmədov “Beynəlxalq təhsil sistemlərində fizikanın tədrisi” mövzularında məruzələri dinlənildi.
Panel iclaslarında geniş fikir mübadiləsi aparıldı, mövcud problemlərin həlli yolları araşdırıldı və Forum iştirakçılarının sualları cavablandırıldı.
Daha sonra Forum iştirakçları universitetlə yaxından tanış olmaq məqsədilə açıq səma altında elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya Tədris poliqonunda oldular.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az