SDU-da əməkdaşların mədəni istirahəti və asudə vaxtlarının səmərəli təşkili istiqamətində sosial layihələr daha da genişləndirilir.
Bu istiqamətdə 1 iyun tarixində SDU-nun professor və müəllim heyəti Nabranda Təhsil İstirahət Mərkəzinə turizm səfəri etdi. Səfər çərçivəsində SDU-nun rektorluğunun növbəti iclası keçirildi.
SDU-nun rektoru dosent Rüfət Əzizov iclası açıq elan edərək iştirakçıları salamladı, gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırdı.
Sonra məsələlərin müzakirəsinə başlanıldı. 2023/24-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili ilə bağlı hazırlığın vəziyyəti haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov və Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev məlumat verdi "Məzun Günü”nün keçirilməsi barədə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış etdi. Qeyd etdi ki, bu il “Məzun Günü”nün iyun ayının 28-də keçirilməsi planlaşdırılır və tədbirin yüksək səviyyədə təşkili ilə bağlı işlər davam etdirilir.
Daha sonra digər cari məsələlər müzakirə edildi və qərarlar qəbul olundu. İclasdan sonra əməkdaşlar öz asudə vaxtlarını səmərəli şəkildə dəyərləndirdilər. SDU Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə baş tutan səfərdə ekskursiya iştirakçılarının istirahətinin maraqlı keçməsi üçün bütün şərait yaradılmışdır. Qeyd edək ki, SDU-da əməkdaşların və tələbələrin mədəni istirahətləri və asudə vaxtlarının səmərəli şəkildə təşkili daim diqqət mərkəzində saxlanılır. Bu səbəbdən belə səfərlər mütəmadi olaraq həyata keçiriləcək.