“Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Universitetlərin Rəqabətqabiliyyətliyi” adlı layihə icra edir. Layihə çərçivəsində iyunun 11-də Sumqayıt Dövlət Universitetində tədbir keçirildi. Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq qonaqları və iştirakçıları salamladı, mövzunun aktuallığını və təhsilimizin inkişafı istiqamətində əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, təhsilimizin rəqabətqabiliyyətli olması üçün təhsil sisteminin bütün komponentləri rəqabətədavamlı olmalıdır. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi, ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi, maliyyə müstəqilliyinin verilməsi və s. kimi hədəflər nəzərdə tutularaq böyük işlər aparılır. Bu istiqamətdə SDU beynəlxalq reytinqdə irəliləmiş, 2023-cü ilin reytinq göstəricilərinə əsasən Google Scholar H indeksinə nəzərən 32-ci, Milli Hirş indeksinə görə isə 52-ci yerdə qərarlaşmışdır. “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin təsisçisi İlham Əhmədov çıxış edərək təmsil etdiyi ictimai birlik tərəfindən gerçəkləşən layihələr barədə məlumat verdi, universitetlərin rəqabətqabiliyyətliyi nədir, universitetlərin rəqabətqabiliyyətlilik meyarları, universitetlərin rəqabətqabiliyyətliyi, rəqabət üstünlükləri və s. məsələlərə toxundu. Bakı Dövlət Universitetinin professoru Mönsüm Alışov mövzu ətrafında geniş çıxış edərək qeyd etdi ki, universitetlərdə mövcud olan zəif tərəfləri aradan qaldırılmaqla, güclü tərəfləri müəyyən etmək və onları daha da inkişaf etdirmək birmənalı olaraq universitetlərin rəqabətqabiliyyətliyinə öz müsbət təsirini göstərəcəkdir. Daha sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı və müəyyən təkliflər səsləndirildi.