Sumqayıt Dövlət Universitetində Ritorika Universal Klubunun və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşəbbüsü ilə ""20 YANVAR"" faciəsinin 26-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Mərasimi giriş sözü ilə Tələbə Həmkarlar İttifaqinin sədri Nemət İbayev açaraq qeyd etdi ki, 1990-cı ilin 20 yanvar tarixində millətimiz məhz belə bir qəhrəmanlıq səlnaməsini yazdı. İllər, əsrlər ötsə də 20 Yanvar günü heç vaxt unudulmayacaq və şəhidlərimizin xatirəsi yaddaşlarda yaşayacaqdır.
Universitetin Karyera Mərkəzinin müdiri Zahid Bunyadov tələbələrə 20 Yanvar hadisələrindən bəhs etdi. Bildirdi ki, 20 Yanvar hadisəsi tariximizdə qanla yazılmış səhifədir, ancaq o, təkcə faciə deyil, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şanlı bir səhifədir. Bu, uzun illər əsarətdə yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Ritorika Universal Klubun idarə heyətinin üzvləri çıxışlarında vurğuladılar ki, belə bir faciənin bir daha Azərbaycan tarixində olmaması üçün biz gənclər Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, qanımız bahasına qazandığımız azadlığımızı və suverenliyimizi qoruyub saxlayacayıq.
Mətbuat xidməti