İyunun 25 - də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan SDU-nun Təbiət elmləri fakültəsinin Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimi İlham Məmmədov əlamətdar tarixi gün münasibətilə başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, ordumuzun hər bir hərbiçisini və Azərbaycan xalqını təbrik etdi. Azərbaycanda milli ordu quruculuğunun keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, Ümummilli Lider Heydər Əliyevin ordunun formalaşmasında və gücləndirilməsində xidmətlərindən danışdı. Bildirdi ki, ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun, yəni Milli Ordunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu. Həmin gündən hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Məhz Ümummilli Liderin cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi məktəb fəaliyyətə başladı və Azərbaycanda hərb sənətinə marağın daha da güclənməsinə böyük təkan verdi. Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi etibarlı şəkildə qorunur. İlham Məmmədov onu da vurğuladı ki, 2020-ci ildə ordumuzun qazandığı böyük zəfər Silahlı Qüvvələrimizin gücünün və qüdrətinin göstəricisidir. Təbii ki, bu yolda vətən üçün canından keçən şəhidlərimiz də oldu. Onların arasında SDU - nun məzunları da qəhrəmanlıq nümayiş etdirirək Şəhidlik zirvəsinə yüksəldilər. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ailə üzvlərinə səbr diləyirik. Sonda Azərbaycan ordusunun hərbi qüdrətini tərənnüm edən video-çarx nümayiş olundu.