SDU-nun Karyera və Məzunlarla iş Mərkəzinin illik hesabatı və qarşıda duran planlar müzakirə olunub
İyulun 3-də Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla iş Mərkəzinin il ərzində görülmüş işlərlə bağlı iclası keçirildi.
Görüşdə mərkəzin karyera məsləhətçiləri və fakültələr üzrə koordinatorlar iştirak edirdilər.
Karyera və məzunlarla iş mərkəzinin direktoru Nəsibə Əmirbəyova mərkəzdə son bir il ərzində görülən işlərdən, həyata keçirilən layihələrdən, planlaşdırılan yeniliklərdən, tələbələr üçün təcrübə mühiti və nəzəri bilikləri özündə birləşdirən universitet-sənaye əməkdaşlığından, tələbələrin iş həyatına hazırlanması məqsədilə təşkil olunan təlimlərdən, təcrübə proqramlarından, tələbə düşərgələrindən, “Yaşıl dünya naminə həmrəylik” Forumu və “Yaşıl iş yerləri” sərgisindən danışdı. Bildirdi ki, əmək bazarına cavab verən, rəqabətyönümlü yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində uğurlu layihələr gerçəkləşərək müxtəlif şirkət və müəssisələrlə işgüzar əlaqələrin qurulması üzrə işlər uğurla aparılır. Bu cür əməkdaşlıqlar tələbə və məzunların gələcək karyeralarına təkan verir.
İclasda həmçinin Karyera və məzunlarla iş mərkəzinin fəaliyyət istiqamətləri haqqında məlumat verildi, məzunların şəxsi məlumatlarının elektron məzun bazasının yaradılmasından və məzunlarla davamlı əlaqə sisteminin qurulmasından, məzunların karyera inkişafları üçün dəstək olan layihələrdən söz açıldı.
İclas mərkəz tərəfindən həyata keçirilən layihələr və qarşıda duran planların müzakirəsi ilə davam etdi.