Yanvarın 12-də Qafqaz Universitetində təhsildə tətbiq olunan Elektron Tədris Sisteminin təqdimatına dair tədbir keçirildi. Bakı Ali Neft Məktəbi, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tİbb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti və digər təhsil ocaqlarının nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə ElektronTədris Sistemi təqdim edildi.
Layihənin məqsədi, həyata keçirilməsi, tərəfdaşlıq məsələləri və nəticələr haqqında geniş mühazirə ilə çıxış edən layihə rəhbəri Üzeyir Bağırov Universitetin tədris və idarəetmə proseslərinin keyfiyyətini idarəetmək üçün nəzərdə tutulmuş bu electron sistemin tətbiqinin ölkəmizin təhsil sisteminin fəaliyyətinə mühüm töhfə verəcəyini və bu sahədə xidmətlərə olan ehtiyacların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağını bildirdi.
Layihə rəhbəri onu da qeyd etdi ki, artıq bir neçə ölkədə (Rumıniya, Nigeriya və Qazaxıstan) tətbiq edilən e-Universitet sistemi ali təhsil müəssisələrinin tədris və idarə proseslərinin mərkəzi vahid platform üzərindən fərdi və yerli ehtiyacını aradan qaldıracaq, eyni zamanda nəzarət və effektivliyi təmin edəcək. Daha sonra Universitetin əməkdaşı Ümit İlhan bu sistemdəTədris Prosesinin və Tələbə Bazasının İdarəolunması işinin təşkilini şərh etdi. Tədbirin sonunda gələcək əməkdaşlığın məzmunu və şərtləri müzakirə olunaraq bir çox suallar cavablandırıldı.
Qeyd edək ki, tədbirdə universitetimizi Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Samirə Məmmədova təmsil edirdi.
Mətbuat xidməti