İyulun 30-da Sumqayıt Dövlət Universiteti və STP Şirkətlər Qrupu tərəfindən birgə təşkil edilən “Gələcək mühəndislər” layihəsi çərçivəsində keçirilən təlimlərin ilk mərhələsi uğurla başa çatdı. Layihənin sonuncu sessiyası qonaq spiker, BP şirkətinin “Təzyiq Sistemlərinin Bütövlüyünün İdarə Olunması” üzrə mühəndisi Aynurə Dəmirli tərəfindən həyata keçirildi.
Təlim nəzəri və praktiki hissələrdən ibarət idi. Nəzəri hissədə iştirakçılara təzyiq sistemlərinin idarə olunması haqqında geniş məlumat verildi. Aynurə Dəmirli təlim zamanı mühəndislik tətbiqlərində istifadə edilən avadanlıqların iş prinsiplərini və idarəetmə strategiyalarını ətraflı şəkildə izah etdi. Təlimin bu mərhələsində təzyiq sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətini təmin etmək məqsədilə istifadə edilən üsullar barədə ətraflı məlumatlar təqdim olundu.
Praktiki hissədə isə iştirakçılar qruplara bölünərək, real iş mühitində qarşılaşa biləcəkləri problemləri həll etmək üçün tətbiqi çalışmalar həyata keçirdilər. Hər bir qrup müəyyən bir problemi həll etməli oldu və bu problemlər təzyiq sistemlərinin fəaliyyətində yarana biləcək real vəziyyətlərə əsaslanırdı. Daha sonra Aynurə Dəmirli iştirakçıların suallarını cavablandırdı və əlavə izahlar verdi.
“Gələcək mühəndislər” layihəsi çərçivəsində keçirilən 2 aylıq təlimlərin məqsədi tələbələrə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazandıraraq onların mühəndislik sahəsində peşəkar inkişafına böyük töhfə vermək idi. Layihə, gənc mühəndislərin gələcək karyeralarında uğur qazanmasına dəstək olmaq məqsədilə təşkil olunmuşdur.
Bu təlimlərin keçirilməsi, iştirakçıların nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə şərait yaratdı və mühəndislik sahəsində daha dərindən biliklər əldə etmələrinə imkan verdi. Layihə çərçivəsində keçirilən müxtəlif tipli təlimlər, gənc mühəndislərin peşəkar inkişafına və gələcək karyeralarına böyük dəstək oldu.
Sumqayıt Dövlət Universiteti və STP Şirkətlər Qrupu “Gələcək mühəndislər” layihəsi vasitəsilə gənclərə mühəndislik sahəsində peşəkar bilik və bacarıqlar qazandırmağa davam edəcək.