Avqustun 9-da Sumqayıt Dövlət Universitetində Təbiət elmləri fakültəsinin məzun tələbəsi Anar Güllərlinin “Gənc Kimyaçılar!” layihəsi çərçivəsində seminar keçirildi. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "İdeyanı Reallaşdır 2023" Gənclərin Fərdi Layihələr üzrə Qrant müsabiqəsində qalib gəlmişdir.
Seminarı SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq, layihənin əhəmiyyətini vurğuladı. Ardınca layihə rəhbəri Anar Güllərli iştirakçılara layihənin məqsədləri barədə ətraflı məlumat verdi. O bildirdi ki, bu layihənin əsas məqsədi gənclərə Kimya fənninin öyrədilməsi prosesində nəzəri biliklərlə yanaşı, praktiki işlərin vacibliyini çatdırmaqdır. Gənc kimyaçıların bilik səviyyəsini artırmaq, onların kimya sahəsində inkişafını təmin etmək və yaradıcı düşüncəni təşviq etmək layihənin əsas prioritetləri sırasındadır.
Seminarda SDU-nun Elm və innovasiyalar üzrə prorektoru dosent Elşad Abdullayev “Kimya fənninin tədrisində müasir yanaşmalar və qarşılaşılan problemlər” mövzusunda çıxış etdi. O, kimya fənninin tədrisinin təkmilləşdirilməsi yolları barədə fikirlərini bölüşdü.
Daha sonra Sabah kurslarının Kimya müəllimi Amil Cəfərov “Şagirdlərin kimya fənnini öyrənməkdə çətinlikləri” mövzusunda çıxış edərək, məktəblərdə tədris prosesində qarşılaşılan çətinliklər və onların həlli yollarını izah etdi.
Seminar sual-cavab və müzakirələrlə yekunlaşdı. Sonda iştirakçılara Sertifikatlar təqdim olundu.