Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov 21-27 iyul tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən XX Beynəlxalq Botanika Konqresində iştirak edib. Beynəlxalq Botanika Konqresi (IBC) Beynəlxalq Botanika və Mikoloji Cəmiyyətlər Assosiasiyası (IABMS) tərəfindən hər altı ildən bir keçirilən və botanika tədqiqatlarının müxtəlif sahələrində iştirak edən alimlərin ən mühüm beynəlxalq toplantısıdır. 1900-cü ildən başlayaraq təşkil olunan Beynəlxalq Botanika Konqreslərində bitki biologiyasının müxtəlif sahələri üzrə əldə edilmiş ən mühüm nəticələr müzakirə olunur, nəticələr ümumiləşdirilir və tədqiqatın perspektiv istiqamətləri müəyyən edilir. Həmçinin Konqresin ən mühüm funksiyalarından biri də yosunlar, göbələklər və bitkilər üçün Beynəlxalq Nomenklatura Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsidir.
Bu bir həftə ərzində dünyanın hər yerindən beynəlxalq botanika ictimaiyyətinin 3000-ə yaxın üzvü biomüxtəliflik və mühafizədən tutmuş sistematika, qlobal dəyişikliklər, genetika, ekologiya, biocoğrafiya, təkamül və filogeniyaya qədər altı əsas mövzunu əhatə edən botanika və mikologiyaya dair məruzələrlə çıxış ediblər.
Konqresdə Rəşad Səlimov “Scutellaria cinsinin filogeniya və biocoğrafiyasının tədqiqi” mövzusunda məruzə ilə çıxış edib, həmçinin özünün apardığı “Scutellaria” cinsinin molekulyar filogenetikası, cinsdaxili təsnifatı və biocoğrafiyasına dair əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib, sualları cavablandırıb. Həmçinin Rəşad Səlimovun həmmüəllifi olduğu və Azərbaycan florasının öyrənilməsinə dair 4 müxtəlif e-poster təqdimatı da olmuşdur.
Belə mötəbər tədbirlər gələcək əməkdaşlıqlar, birgə tədqiqatlarla yanaşı bitki biologiyası və mikologiyanın aktual məsələ və problemləri barədə fikir və təcrübələrin paylaşılması üçün geniş elmi platforma yaradır.