Avqustun 13-də Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş mərkəzinin təşkilatçılığı ilə Təbiət elmləri fakültəsinin məzunu Anar Güllərlinin Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "İdeyanı Reallaşdır 2023" Gənclərin Fərdi Layihələr üzrə Qrant müsabiqəsində qalib olan “Gənc Kimyaçılar!” layihəsi çərçivəsində iştirakçılar “STP Polymer” MMC-yə ekskursiya etdilər.
“STP Polymer” MMC-nin direktoru Nazim Məmmədov tələbələrlə görüşərək onlara müəssisənin regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biri olduğunu, bütün istehsal prosesləri Almaniya, Avstriya, İtaliya və Türkiyənin qabaqcıl şirkətlərinin ən müasir texnoloji avadanlıqların köməyi ilə həyata keçirildiyini və məhsulların istehsalında yüksək keyfiyyətli xammaldan istifadə olunduğunu qeyd etdi. Daha sonra tələbələr “STP Polymer” MMC-yə məxsus olan böyük həcmdə istehsal gücünə malik olan Antikorroziya örtükləri zavodu və Kabel zavodunda müxtəlif polimer məhsulların istehsalı, polimer boru istehsalı sexləri, termoplast sexi, PVC profil sexləri və müxtəlif təyinatlı istehsal xətləri ilə tanış oldular.
Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti tələbə və məzunların layihələrinə dəstək olaraq istehsal müəssisələri ilə qarşılıqlı fəaliyyəti çərçivəsində nəzəri və təcrübi bilik, bacarıqların interaktiv formada ortaya qoyulmasına təşəbbüs göstərir.