Sentyabrın 6-da Sumqayıt Dövlət Universitetində Elmi Şuranın 2024/2025-ci tədris ilində ilk iclası keçirildi. İclası universitetin rektoru dosent Rüfət Əzizov açaraq Şura üzvlərini salamladı. Hər bir müəllimi, əməkdaşı yeni tədris ili münasibətilə təbrik edən rektor SDU-nun uğurları haqqında məlumat verərək qeyd etdi ki, bu il ötən ildən fərqli olaraq universitetimizə 500 baldan yüksək göstəricilərlə 20 tələbə, 400 baldan yüksək göstəricilərlə 205 tələbə qəbul olmuşdur ki, bu da ötən illə müqayisədə çox yüksək göstəricidir. Artıq yüksək bal toplayan tələbələr SDU-nu seçməyə başlayıblar. Hər birimiz bu istiqamətdə öz gücümüzü daha da səfərbər etməliyik. Sonra rektor gündəlikdə duran məsələləri diqqətə çatdırdı. 2024/2025-ci tədris ilinə hazırlığın vəziyyəti və Tədrisin təşkili və qiymətləndirməyə dair Metodik vəsait haqqında Tədris Metodiki Mərkəzin direktoru dosent Osman Hacıyev məlumat verdi. Qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində 2024-2025-ci tədris ilinə hazırlıq iyul ayından etibarən başlamışdır. 16.07.2024-cü il tarixdən 22.07.2024-cü il tarixədək rektorun fakültə və kafedra əməkdaşları ilə intensiv görüşləri və burada verilən tapşırıqlara uyğun olaraq, ilk növbədə, tədris prosesinin əsasını təşkil edən Forma 1 - Tədris planlarının hazırlanması və yenilənməsi prosesinə başlanılmışdır. Bu həm bakalavr, həm də magistratura səviyyələrini əhatə etmişdir. Bütün bu dəyişikliklər nəticəsində optimallaşdırılma və məzmun yeniliyinə nail olunmuş, daha aktual, müasir fənlərin tədrisi nəzərdə tutulmuşdur. Bu, eyni zamanda universitet-sənaye, universitet-əmək bazarı və iş dünyası əməkdaşlığının inkişafına səbəb olacaqdır. Pedaqoji yönümlü ixtisasların tədris planlarındakı dəyişikliklər isə tələbələrin gələcəkdə MİQ çərçivəsində daha uğurlu nəticələr göstərməsini təmin edəcəkdir. Yeni tədris ilinə hazırlıq çərçivəsində dərs yükləri ilə bağlı ehtiyacı nəzərə alaraq yeni əməkdaşların işə qəbulu prosesi aparılmışdır. İşə qəbul prosesinin qaydalarına uyğun olaraq Universitetin rəsmi internet portalında və sosial media hesablarında fakültələr və kafedralar üzrə professor-müəllim heyəti, eləcə də sənaye və iş dünyasından mütəxəssislər əməkdaşlığa dəvət olunmuşdur. SDU-nun strukturunda bəzi dəyişikliklər barədə Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev çıxış etdi. Bildirdi ki, Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı ilə Azərbaycan dili və onun tədrisi metodikası kafedralarının ləğv edilməsi və onların bazasında Dilçilik və ədəbiyyat kafedrasının yaradılması, Riyaziyyat fakültəsi üzrə Riyazi analiz və funksiyalar nəzəriyyəsi və Diferensial tənliklər və optimallaşdırma kafedralarının ləğv edilib, onların bazasında isə Riyazi analiz və diferensial tənlikər kafedrasının yaradılması təklif olunur.
İnformatika kafedrasının ləğv edilib, dərs yükünün Riyaziyyat və onun tədrisi metodikası kafedrasına verilməsi və kafedranın adının dəyişdirilərək Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrası adlandırılması məqsədəuyğun hesab edilmişdir. İqtisadiyyat və idarəetmə fakültəsi üzrə İqtisadiyyat kafedrasının ləğv edilib, dərs yükünün Maliyyə və mühasibat uçotu kafedrasına verilməsi və kafedranın adının dəyişdirilərək Mühasibat və iqtisadiyyat kafedrası adlandırılması, eləcə də Dünya iqtisadiyyatı və marketinq kafedrasının ləğv edilib, dərs yükünün Biznesin təşkili və menecment kafedrasına verilməsi və kafedranın adının dəyişdirilərək Biznesin idarə edilməsi adlandırılması təklif olundu. Layihələrin idarə edilməsi şöbəsi ilə Beynəlxalq əlaqələr və əcnəbi tələbələr şöbəsinin birləşdirilməsi, Keyfiyyət təminatı və strategiya şöbəsinin Əsasnaməsində dəyişiklik edilməsi barədə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Könül Abaslı çıxış etdi. Sözügedən şöbələrin birləşdirilib və onların bazasında Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin yaradılmasını diqqətə çatdırdı.
Dosent Könül Abaslı SDU-nun İllik Fəaliyyət Planının tədris ilinə uyğun olaraq yenilənməsi, Universitetin struktur bölmələrinin İllik Fəaliyyət Planlarının SDU-nun Fəaliyyət Planına və müəyyən edilmiş yeni formaya uyğun tərtib edilməsini, ötən akkreditasiya prosesinin nəticəsi olaraq Akkreditasiya komissiyasının yekun hesabatında verdiyi tövsiyə və göstərişlərin icrasına dair Hesabatın təsdiqi barədə məlumat verdi.
Sonra qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi. Keyfiyyət təminatı və strategiya şöbəsi tərəfindən keçirilən sorğuların nəticələri barədə Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Gülnar Cəfərova çıxış etdi. Qeyd etdi ki, sorğuların keçirilməsi, müəyyən çatışmazlıqların aşkar edilməsi ilə yanaşı, tələbələrin sərbəst fikir yürütmək vərdişlərini də formalaşdırır. Sorğunun nəticələrinə uyğun olaraq, müəyyən edilmiş çatışmazlıqların təhlil edilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi fakültə dekanlarına, kafedra müdirlərinə və uyğun struktur rəhbərlərinə tapşırıldı. Sonra SDU-da “Mükəmməllik Mərkəzi” nin yaradılması barədə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov məlumat verərək bildirdi ki, tələbələrin akademik bilik və bacarıqlarının artırılması universitetimizin strateji məqsədlərindəndir. Bu məqsədi həyata keçirmək üçün Mükəmməllik Mərkəzinin yaradılması nəzərdə tutulur. Mükəmməllik Mərkəzi Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrin akademik və şəxsi inkişafını təşviq etməklə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkilinə, tələbə klublarının və dərnəklərinin fəaliyyətinin artırılmasına, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsinə xidmət edəcəkdir. Bu təşəbbüs, universitetimizdə təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, tələbə mübadilə proqramlarında iştirakını genişləndirəcək və tələbələrin gələcəkdə müvəffəqiyyətli mütəxəssislər kimi formalaşmalarına dəstək verəcəkdir.
Tədris planlarının təsdiqi, SABAH qruplarının tədris planları, Yenilənən tədris planları, fakültələr, kafedralar və digər strukturlar haqqında əsasnamələrin təsdiqi, Magistratura, doktorantura və elm şöbəsinin Əsasnaməsinin təsdiqi, Tələbələrin ödənişli əsaslarla təhsil almaları, Fərdi Müqavilə nümunəsinin və ödəniş qaydalarının təsdiqi, SDU-da işə qəbul qaydalarının təsdiqi, SDU-nun Elmi Şurasının 2024/2025-ci tədris ili üçün İş Planının təsdiqi barədə Elmi katib professor Muxtar Səmədov ətraflı məlumat verdi. İclasda SDU-nun Elmi Şurasının 2024/2025-ci tədris ili üçün İş Planı, Tədris planları, Əsasnamələr və digər zəruri sənədlər Elmi Şuranın qərarı ilə təsdiq edildi.