Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin dosenti Xəyalə Seyfullayeva 27-29 avqust 2024-cü il tarixlərində Türkiyənin İstanbul Cerrahpaşa Universitetində “Sənaye, tətbiqli idarəetmə və optimallaşdırma” (The 9th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 9-cu beynəlxalq elmi konfransda (COIA-2024) təqdimatla çıxış edib.
Ənənəvi olaraq təşkil olunan və 3 gün davam edən tədbir Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İstanbul Cerrahpaşa Universiteti, Ağrı İbrahim Çeçen Universiteti və Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Konfransın açılışında Türkiyənin millət vəkili Şamil Ayrım, İstanbul Cerrahpaşa Universitetinin rektor yardımcısı professor Erol İncə, “Katoder” şirkətinin rəhbəri Sabiha Gül Doğan və konfransın təşkilat komitəsinin həmsədrləri - akademik Fikrət Əliyev və Ahmet Ocak Akdemir çıxış ediblər.
Tədbirdə dünyanın 30-dan artıq ölkəsindən 200-dən çox riyaziyyatçı alim və ekspert, o cümlədən optimal və idarəetmə sahəsində çalışan 7 dəvətli məruzəçi iştirak edib. Həmçinin Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyevin rəhbərlik etdiyi 20 nəfərdən çox nümayəndə heyəti ölkəmizi yüksək səviyyədə təmsil edib.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislər idarəetmə nəzəriyyəsi, optimallaşdırma, intellektual sistemlər, qeyri-səlis idarəetmə, hesablama metodları, şəbəkə və telekommunikasiya, riyazi modelləşdirmə və simulyasiya, sənaye və iqtisadiyyatda tətbiqlər, identifikasiya və digər mövzular ətrafında müzakirələr aparıblar.
Qeyd edək ki, COIA-2024 ilk dəfə olaraq IEEE Türkiyə Bölməsindən texniki cəhətdən dəstəklənir. Qəbul edilmiş məqalələr IEEE Xplore-a daxil olmaq üçün təqdim ediləcək. Həmçinin qəbul edilmiş və konfransda məruzə edilən bütün məqalələr Web of Science: Conference Proceedings Citation Index bazasında indekslənmək üçün təqdim olunacaq.