Sentyabrın 11-də QS Dünya Universitetlərinin Reytinqinə görə dünyanın ən yaxşı 8 universiteti arasında yer alan Sinqapur Milli Universitetinin (SMU) Dayanıqlılıq və Nanotexnologiya Mərkəzinin direktoru, professor Siram Ramakrişna Sumqayıt Dövlət Universitetində (SDU) “Dayanıqlı inkişafa doğru: XXI əsrdə ali təhsilin və innovasiyaların rolu” adlı açıq mühazirə ilə çıxış edib.
Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin rəhbəri Həbibə Nəzirova tədbiri açaraq dünyanın ən yüksək istinad edilən nüfuzlu alimləri sırasında adı çəkilən professor Siram Ramakrişnanın fəaliyyəti haqqında danışıb. Professor Çin Mühəndislik Akademiyası, Böyük Britaniya Kral Mühəndislik Akademiyası, Hindistan Milli Mühəndislik Akademiyası, ASEAN Mühəndislik və Texnologiya Akademiyası və Sinqapur Mühəndislik Akademiyasının seçilmiş beynəlxalq təqaüdçüsü/tədqiqatçısı və akademikidir. O, Sinqapur Milli Universitetində Tədqiqat strategiyası üzrə vitse-prezident, Mühəndislik fakültəsinin dekanı, Sahibkarlıq mərkəzinin direktoru, eləcə də Nanoelm və Nanotexnologiya mərkəzinin direktoru vəzifələrində çalışıb.
Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov çıxışında professor Siram Ramakrişnanı SDU-da görməkdən məmnunluğunu ifadə edib, tədbirin universitetin hədəflərindən olan sənaye müəssisələrinin tədqiqat ehtiyaclarını öyrənmək və birgə elmi-tədqiqatlar aparmaq baxımından mühüm məna kəsb etdiyini bildirib. Rektor, həmçinin universitetin qarşısında duran hədəflərdən, yeni tədris ilindən və yeni çağırışlardan bəhs edib.
Tədbir zamanı professor Siram Ramakrişna ilk öncə dünyanın ən səriştəli işçi qüvvəsinə malik olan Sinqapur Respublikasının qısa müddətdə keçdiyi inkişaf yolu və iqtisadiyyatı haqqında ətraflı məlumat verib. Bundan sonra, professor SMU və onun tez bir zamanda dünyanın ən yaxşı universitetinə çevrilməsinə səbəb olan faktorlardan danışıb. Universitetlərin dayanıqlı inkişaf istiqamətində həyata keçirə biləcəyi təhsil, tədqiqat və innovasiya strategiyaları, şirkətlər ilə faydalı əməkdaşlığın qurulması, ali təhsil və innovasiya üzrə əlverişli milli siyasət və qaydalar, o cümlədən dünyanın ən yaxşı müvafiq təcrübələri haqqında geniş məlumat verilib, müzakirələr aparılıb.